AzMİU ilə İspaniya şirkəti arasında əməkdaşlığa start verildi
Bu gün imzalanmış əməkdaşlıq müqaviləsi Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “F-Holding” şirkəti arasında təhsilin inkişafına istiqamətlənmiş əməkdaşlığı özündə ehtiva edir. Bu müqavilənin həyata keçirilməsi təhsilimizin keyfiyyətinin artırılması üçün əhəmiyyətli olacaq.
“İNFONEWS” -un əldə etdiyi məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında universitetin rektoru professor Gülçöhrə Məmmədova deyib.
“Müqavilədə həm istehsalatla əlaqələrin güclənməsi, həm də beynəlxalq əlaqələrin genişlənməsi məsələləri öz əksini tapıb. Çünki “F-Holding”in vasitəsilə bizim İspaniya Memarlıq Məktəbi və bu ölkənin aparıcı memarları ilə görüşlərimiz və təcrübə mübadiləmiz olacaq. Bu isə əlbəttə, memarlıq sahəsində təhsilimizin inkişafına xidmət edəcək”,-deyə G. Məmmədova bildirib.
Rektor qeyd edib ki, qarşıda çox böyük vəzifələr dayanır: “İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işlərində mütəxəssislərimiz də iştirak edir. Biz çalışacağıq ki, ölkəmizə və dövlətimizə layiq gənc mütəxəssislər hazırlayaq”.