“Mən Ermənistan hakimiyyətinə sübut etdim ki…”- Hərbi ekspert Telman Qasımov
“İNFONEWS” xəbər verir ki, hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.
“35 ildən sonra doğma şəhərimə səfər etdim, məhləmizə getdim. 17 yaşıma qədər Komitas küçəsi, 5A-da yerləşən evimizdə yaşamışam. Evimizi ziyarət etdim. 35 ildən sonra 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam. Uşaqlığımı qədim Azərbaycan şəhəri olan İrəvanda keçirmişəm.
Mən Ermənistan hakimiyyətinə sübut etdim ki, onların təhlükəsizlik sistemi mövcud deyil, dövlət sərhədi, ümumiyyətlə, qorunmur. İrəvana səfərimdən yerli sakinlərdən heç birinin xəbəri olmayıb”, – deyə, Telman Qasımov qeyd edib.
O qeyd edib ki, xüsusi xidmət orqanlarının nümayəndələri ilə Ermənistan paytaxtına gedib və eyni qaydada geri qayıdıb.
“Əgər mən ora maneəsiz gedib qayıtmışamsa, azərbaycanlıların oraya dönməsi artıq zaman məsələsidir”.
Diqqətçəkən digər məqam isə Telman Qasımovun bütün sərhəd keçid məntəqələrinin nəzarətindən yayınaraq, heç bir pasportsuz Ermənistana səfər edə bilməsidir:
“Erməni dilini mükəmməl bildiyim üçün ermənilərdə heç bir şübhə yaratmadım. Üstəlik, görkəmimi dəyişmişdim ki, məni tanımasınlar. Axı onlar məni tanıya bilərdilər”.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı məsələyə gəlincə, azərbaycanlı hərbi ekspert söyləyib ki, bu, beynəlxalq hüquq normalarına uyğundur:
“Ermənistandan deportasiya edilmiş şəxslərin və onların övladlarının öz vətənlərinə qayıtmaq hüququ var. Hazırda Bakıda beynəlxalq konfrans keçirilir, Qərbi Azərbaycana qayıtmağın təhlükəsizliyi müzakirə olunur. Burada müxtəlif ölkələrin nümayəndələri, ekspertlər çıxış edirlər. Mən də öz növbəmdə buradayam. Planlarımız gerçəkləşməlidir”.
İrəvanda olarkən öz müşahidələrini aparan Telman Qasımov qeyd edib ki, oradakı hazırkı vəziyyət Azərbaycanda 90-cı illərin əvvəllərini xatırladır:
“Əlbəttə, orada zəngin insanlar da var, onlar yaxşı restoranlarda yemək yeyirlər, bahalı avtomobillər sürürlər. Bu xüsusi ilə gecə vaxtı nəzərə çarpır, orada həyat qaranlıq düşəndən sonra başlayır. Amma ümumilikdə vəziyyət çox acınacaqlıdır. Ermənilər müharibədən sonra şokdadırlar. Təsəvvür edin ki, hələ də Qarabağdan köçkün düşənlərin heç də hamısı yerləşdirilməyib, mənzillə təmin olunmayıblar. Onların bir çoxu hələ də maşınlarında gecələyir. Bu insanlar küçələrdə gəzişirlər, onları hər yerdə görmək mümkündür. Mən orada olduğum müddətdə elektrik enerjisinin verilişi iki dəfə məhdudlaşdırıldı”.
T.Qasımov həmçinin, qeyd etdi ki, İrəvanda nəzərəçarpan dəyişiklik yoxdur: “Hər yerdə köşklər, dükanlar var. Yeni infrastruktur nəzərə çarpmır. Təpəbaşı məhəlləsini kənardan izlədim. Məhəlləyə girə bilmədim. Çünki missiya başqa idi. Kənardan izlədiyim qədər müasir binalarla mühasirəyə alınıb”.