Tikinti sektorunun inkişafında qadınların rolu müzakirə edilib.
“Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfransda tikinti sektorunda qadınların fəaliyyətinin genişləndirilməsinə, qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə, dövlət-özəl əməkdaşlığı çərçivəsində dəstək tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
“İNFONEWS” xəbər verir ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında tikinti sektorunda çalışan qadınların və bu sahədə fəaliyyət göstərən qadın sahibkarların azlıq təşkil etməsi qeyd edilir. Bu və digər bu kimi beynəlxalq hesabatlarda müvafiq göstərici üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, eləcə də qadınların tikinti sektorunda biznes fəaliyyətinə təşviq olunması, bu sahədə çalışan sahibkar qadınların fəallığının artırılması üçün sorğuların, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə görülən tədbirlər çərçivəsində “Bakı KOB evi”ndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Tikinti sektorunun inkişafında qadınların rolu, problem və perspektivlər” mövzusunda konfrans keçirilib.
Qadınların tikinti sektorunda biznes fəaliyyətinin təşviq olunması, inkişaf problemlərini araşdırmaqla müvafiq tədbirlərin görülməsi məqsədilə təşkil olunan konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının, ali təhsil müəssisələrinin, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova çıxış ediblər. Çıxışçılar ölkəmizin sosial-iqtisadi inkişafında qadınların rolu, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri, qadınların sahibkarlıq fəaliyyətinin təşviqi, biznesdə, xüsusilə də tikinti sektorunda qadınların aktivliyinin artırılması, onların işgüzar əlaqələrinin genişləndirilməsi, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində həyata keçirilən birgə layihələr barədə məlumat veriblər.
Konfrans qadınların tikinti sektorunda biznes biliklərinin və bacarıqlarının artırılması üçün birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.