“Peşə təmayüllü siniflərin təşkili” layihəsi- HESABAT TƏDBİRİ
18 dekabrda Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyət göstərən “Peşə təmayüllü siniflərin təşkili” layihəsi üzrə “İlkin bacarıqlardan davamlı inkişafa” adlı hesabat tədbiri keçirilib. Hesabat tədbiri 2019-2023-cü illəri əhatə edib.
“İNFONEWS” xəbər verir ki, tədbirin keçirilməsində məqsəd layihənin pilot olaraq fəaliyyət göstərdiyi 2019-2020, 2020- 2021, 2021-2022-ci tədris illəri ərzində fəaliyyətinin yekunlarına dair məlumatı ictimaiyyətə təqdim etmək, əldə edilən uğurları bölüşmək, gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs etmək olub.
Əvvəlcə iştirakçılar peşə təmayüllü sinif şagirdlərinin hazırladıqları əl işlərindən ibarət sərgi stendləri ilə tanış olublar. Sonra elm və təhsil nazirinin müşaviri Elnur Əliyev tədbiri açıq elan edib.
Hesabat tədbirində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli peşə təmayüllü siniflərin əhəmiyyətindən danışıb.
Peşə təmayüllü siniflərin fəaliyyətindən bəhs edən videoçarxın izlənilməsinin ardından layihənin rəhbəri Xanım Şabanova 2019-2023-cü tədris illərində əldə edilən keyfiyyət nəticələrini özündə əks etdirən təqdimatla çıxış edib. Qeyd edib ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Peşə təmayüllü siniflər”in layihənin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
Sonra “Ümumi təhsildən əmək bazarına çətinliklər və fürsətlər” mövzusunda panel müzakirə təşkil olunub. Layihənin rəhbəri Xanım Şabanovanın moderatorluq etdiyi müzakirədə təhsil üzrə beynəlxalq ekspert Rainer Gerke, Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov və “Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru, peşəkar kouç Könül Əliyeva iştirak ediblər.
Tədbirin sonunda peşə təmayüllü siniflərin təşkilində və icrasında əməyi keçən əməkdaşlar təşəkkürnamə ilə təltif ediliblər.
Qeyd edək ki, “Peşə təmayüllü siniflər” 2019-2020-ci tədris ilindən Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyət göstərir. Ümumi orta təhsil bazasında şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərin sayı 196 məktəbdə 4000-dən çox şagirdi əhatə edir. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15 faizə çatması planlaşdırılıb.