“Su və rəng ahəngi-2023” adlı ənənəvi akvarel sərgisi açılıb
Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (IWS Azerbaijan), Xətai Sənət Mərkəzi (IWS Xətai Akvarel Qalereyası) və Dövlət Rəsm Qalereyası təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycanın akvarelist rəssamlarının “Su və rəng ahəngi-2023” adlı ənənəvi akvarel sərgisi açılıb.
“İNFONEWS” xəbər verir ki, Xətai Sənət Mərkəzində təşkil olunan tədbirdə Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Beynəlxalq Akvarel Cəmiyyətinin prezidenti, dünyaşöhrətli rəssam Atanur Doğan, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin sədri Səbinə İskəndər və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, müasir dünyamızda öz aktuallığını qoruyan akvarel əsərlərə ölkəmizdə maraq çoxalıb. Belə ki, son illər bu janrda həyata keçirilən müxtəlif formatlı tədbirlər o cümlədən, müsabiqə, sərgi, festival, vorkşop, ustad dərsləri və dəyirmi masalar sulu boyaçı rəssamları akvarel texnikası ilə işləməyə həvəsləndirir və bu hərəkətlilik ictimai marağın yüksəlməsini qaçılmaz edir.
Çıxışlarda “Su və rəng ahəngi-2023” akvarel sərgisinin bu sahəyə daha çox ictimai marağın artmasına xidmət edəcəyinə inam ifadə olunub.
Bildirilib ki, sərgiyə ümumilikdə 100-dən çox sulu boyaçı rəssam 250-dən çox əsər təqdim edib. Onlarda hazırda 56 rəssamın 100 əsəri seçilərək ekspozisiyada nümayiş olunur.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Tədbir çərçivəsində Atanur Doğan ilə Azərbaycanda akvarel sənətinin inkişaf yolları müzakirə edilib.