“Qurban Qurbanov bir də o səhvi etməz, bu …” – Aqil Abbas

“Qurban Qurbanov bir də o səhvi etməz, bu …” – Aqil Abbas

“İNFONEWS” “Adalet.az” – a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas teleqraf.com-un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– Aqil müəllim, “Qarabağ” futbol klubu tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlidi. Komandamızın uğurunu necə dəyərləndirirsiniz?

– Çox sevindirici haldır. Bu, təkcə “Qarabağ”ın deyil, Azərbaycan futbolunun qələbəsi hesab edilir. Komandanın baş məşqçisi Qurban Qurbanovu xarici işlər nazirimiz Ceyhun Bayramovla müqayisə edirəm. Qurbanov da futbolumuzun “xarici işlər naziridir”. Amma təəssüf ki, futbolumuzun prezidenti möhtərəm İlham Əliyev deyil, Rövnəq Abdullayevdir. Yeganə fərq buradadır. Hazırda “Qarabağ”ımız inamla addımlayır. İnanıram ki, pley-offda da gözəl oyun göstərəcək, uğurlar qazanacaq. Axşamkı oyunda da azarkeşlər komandamızı sona kimi dəstəklədilər. Oyunun 55-ci dəqiqəsində Marko Veşoviç rəqib futbolçunun deyil, bütövlükdə tamaşaçıların ayağını əzdi. Əgər “Qarabağ” oyunda məğlub olsa idi, 30 min azarkeş stadiondan “axsaya-axsaya” çıxacaqdı. Mən oyuna evdə baxırdım, Veşoviç mənim də ayağımı “əzmişdi”. Allaha şükür həmin hərəkət sonda nəticəyə təsir etmədi və yekunda komandamız qalib gəldi. Stadiondan sevinclə, başı dik çıxdıq. Bu, sözsüz ki, böyük bir uğurdur. “Qarabağ”a “köhlən atlar” deyirlər. Amma mən həmişə yazıram ki, “ayğır atlar”dır.

– Sizcə, “Qarabağ” bu turnirdə pley-off mərhələsini keçərək 1/8 finala adlaya biləcəkmi?

– Nə səkkizdə bir, uzağa gedəcəyik. Heç bir nahatlıq yoxdur. Sadəcə o Zubirə demək lazımdır ki, futbol şahmat deyil, kollektiv oyundur. Bu amillərə diqqət etsək, bir az da çox irəli gedə bilərik. Çünki futbol fərdi oyunu sevmir. Bu, Braziliya komandası deyil ki?.. Braziliya futbolunda fərdi futbolu sevirlər.

– Komandada kimin çıxışı daha çox diqqətinizi çəkir?

– “Qarabağ”ın axşamkı 11-ni, hətta Veşoviçi də bəyənirəm. O səhvi etsə də… Ümumilikdə isə hamısını bəyənirəm. Yaxşı uşaqlardır. Qurban Qurbanov da onların sərkərdələridir.

– Yerli oyunçularımızın çıxışı ilə bağlı təsəvvürləriniz necədir?

– Çox gözəldir. Keçən oyunda Bəhlul Mustafazadə komandamızı bir qolu ilə xilas etmişdi. Onu necə sevməyim? Hamısı mənim üçün əzizdir. Elvin Cəfərquliyevi, Tural Bayramovu və adlarını saymadığım digər oyunçularımızın hamısı gözəl oynayır. Bu uşaqlar komanda üçün can qoyurlar, özlərini öldürürlər.

– Hazırda futbol üzrə milli komandamızda durğunluq yaşanır, baş məşqçi postu boş qalıb. Bütün bunların fonunda Azərbaycanda futbol inkişaf edir, “Qarabağ” kimi klublarımız ölkəmizi yüksək səviyyədə beynəlxalq arenada təmsil edir, önə çıxarır…

– Çünki milli komandanın başında sərkərdəsi yoxdur. Qonum-qonşudan gələn sərkərdə ilə komanda heç bir şey edə bilməz. Amma Azərbaycan futbolu bu dəqiqə inkişaf yolundadır. Ölkə çempionatını izləyirəm. Gərgin, maraqlı oyunlar gedir. “Araz-Naxçıvan” futbol klubu surpriz komanda kimi yaxşı çıxış edir, “Sabah” futbol klubu da özünü toparlayır. “Zirə” də çox gözəl oynayır. “Qarabağ”la daban-dabana gedir. “Səbail” əvvəllər ən zəif komanda idi. Amma indi öz oyununu bərpa edir.

– “Qarabağ”ın uğurlarında ad və digər faktorların rolunu necə qiymətləndirirsiniz?

– Burada sözsüz ki, ad məsələsi də var. Komanda meydana Qarabağ adı ilə çıxır. Futbol mütəxəssisi olmasam da, müəyyən şeyləri bilirəm. Komanda da məşqçilər tez-tez dəyişsə, orada futbol və uğur olmaz. Qurban Qurbanov da gələndə üç il heç kim ondan nəticə istəmədi. O, komandasını toparladı və artıq neçə ildir ki, Azərbaycan futbolunu Avropada təmsil edir. Artıq dünyada Azərbaycanı futbol sahəsində yüksək səviyyədə tanıyırlar. Hətta Cənubi Amerika qəzetləri də “Qarabağ”dan yazır.

– Kadi Borgesin yenidən “Qarabağ”da icarə əsasında oynayacağı deyilir. Onun dönüşü ilə bağlı gözləntiləriniz necədir?

– Onun dönüşü ilə heç nə dəyişməyəcək. Kadi gedib, məsələ bitib. O, niyə icarə əsasında bura gəlir ki? Demək getdiyi yerdə özünü doğrultmayıb ki, onu icarəyə verirlər. Təbii ki, yaxşı oyunçunu komanda icarəyə verməz.

– Qurban Qurbanovun yenidən Milli Futbol Komandamıza baş məşqçi olması ilə bağlı cəmiyyətdən də çağırış var. Siz bunu necə qarşılayırsınız?

– Bu qəti mümkün olan şey deyil. Qurban Qurbanov bir də o səhvi etməz. O bir dəfə səhv etdi, 5 illik müqavilə bağladılar, sonra heç bir il çəkmədi komandadan ayırdılar. O da Berti Foqts deyildi ki, oturub 5 illik müqavilənin pulunu istəyəydi. Qurban Azərbaycanı, futbolumuzu, vətənini sevən adamdır. Ayağını Foqts kimi dirəyib, şantaj edib 5 illik pulunu ala bilərdi. Ona dedilər ki, səni istəmirik, o da cavab verdi ki, mən sizi dünəndən istəmirəm.

– “Qarabağ”ın pley-offdakı ehtimal olunan rəqibləri haqqında nə deyə bilərsiniz?

– “Qarabağ” “Milan”, “Qalatasaray”dan zəif komanda deyil. Komandamız onlardan da güclüdür. “Qarabağa” nə olub ki? Sadəcə olaraq o komandaların adı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir