TÜRKİYƏ İNFLYASİYA BATAQLIĞINDA – Tapdıq ABDULLA

TÜRKİYƏ İNFLYASİYA BATAQLIĞINDA – Tapdıq ABDULLA

“İNFONEWS” – un gənc iqtisadçı-eksperti Tapdıq Abdulla “Azərbaycan. Dünya iqtisadiyyatı. Siyasət” layihəsinin bu buraxılışında təqdim edir:

TÜRKİYƏ İNFLYASİYA BATAQLIĞINDA

Türkiyə Mərkəzi Bankı bu gün uçot dərəcəsini 40 faizdən 42.5 faizə qaldırdı. Uçot dərəcəsinin 42.5 faizə qədər artırılmasının səbəbi birmənalı olaraq milli valyutanın dəyərdən düşməsi və cilovlana bilməyən inflyasiya ilə bağlıdır.

Türk lirəsi hər keçən gün dəyər itirir, bu gün 1 dollar 29.11 lirəyə bərabərdir. Milli valyutanın dəyərini qorumaq üçün uçot dərəcəsini qaldırmaq düzgün addımdır, amma bu həddə qədər qaldırmaq mənfi nəticələrə gətirib çıxarır. Uçot dərəcəsinin 42.5 faizə qaldırılması o deməkdir ki, Mərkəzi Bank Kommersiya banklarına kredit verərkən, verdiyi krediti 42.5 faiz gəlirlə geri alır. Kommersiya bankları da 42.5 faizdən alıb, təxminən, 50 faizlə kredit götürənlərə verir. Məsələn, Türkiyənin ən böyük banklarından olan AKBANK və VAKIFBANK – ın hazırda təklif etdiyi faiz dərəcəsi 47- dir. Bu uçot dərəcəsi 40 faiz olanda 47 idi. Amma faiz dərəcəsi qalxdıqdan sonra kommersiya bankları da faiz dərəcəsini qaldıracaq. İndiki durumda faiz dərəcəsini qaldırmaq lirənin sabitləşməsinə müəyyən qədər kömək olsa da, ümumilikdə iqtisadiyyata yenə də ziyan vuracaq. İqtisadiyyatı canlandıran puldur, pulun azalması yerli şirkətlərin maliyyə vəsaiti ilə təmin olunmasında çətinliklər yaradır, ən əsas da kiçik və orta sahibkarlara və yerli şirkətlərə nisbətən daha çox ziyan vurur və nəticədə yerli şirkətlər ya iflas edirlər, ya ölkədən çıxırlar, ya da xarici investorlar tərəfindən, xüsusilə də, ABŞ investorları tərəfindən satın alınırlar. Bu ölkəyə xarici valyutanın girməsi baxımından yaxşıdır, amma xaricdən asılılığını artırır, yerli sənayeyə böyük ziyan vurur və ölkənin rəqabət qabiliyyətli məhsul istehsal etməsinə böyük maneə yaradır.

Türkiyə KİV- lərinin məlumatına görə, 2024- cü ildə minimum əməkhaqqı 16500-16900 lirəyə qaldırılacaqdır. Minimum əməkhaqqının artırılması yerli şirkətləri daha çətin vəziyyətə salır, nəticədə şirkətlər daha az işçi götürməyə üstünlük verirlər. Bu da əhalisinin onsuz da 8.9 faizi (2.96 milyon) işsiz olan Türkiyədə işsizliyin artmasına təkan verir. Göründüyü kimi minimum əməkhaqqının artırılması da asan bir şey deyil. Bu böyük rəqəm kimi görünə bilər, amma pulun dəyəri nəzərə alınanda və dollarla ölçüləndə o qədər də böyük görünmür. Türkiyə hökumətinin qərarına əsasən, minimum əməkhaqqı il ərzində 1 dəfə qaldırıla bilər. Bu qərara görə, minimum əməkhaqqının dəyərini dollarla hesablasaq görərik ki, əslində artım yoxdur. Türkiyədə 2023- cü ilin iyun ayının 20- də minimum əməkhaqqı 11900 lirəyə qaldırıldı. Bu zaman 1 dollar 23.57 lirəyə bərabər idi, bu da 504,8 dollar edirdi, amma il sonunda bu rəqəm 408,8 dollara bərabərdir. 16900 lirə isə hazırda 580 dollara bərabərdir. Amma gələn il üçün neçə dollar olacağı sual altındadır. Türkiyə Mərkəzi Bankının verdiyi məlumatına əsasən, 2023- cü ilin sonu inflyasiya proqnozu 58 faizdən 65 faizə qalxıb. Bu da stabilləşmə prosesinin uzun çəkəcəyini göstərir. 2024- cü ildə Türk lirəsi öz dəyərini qoruya bilməsə, bu artımın heç bir faydası olmayacaqdır. Türkiyə hökuməti vergi dərəcələrini artırmaqla, rüsumları qaldırmaqla bu durumdan çıxa biləcəyini düşünür, amma bu çıxış yolu deyil. Bu vergidən yayınma hallarının artmasına, əhalinin güzəranının pisləşməsinə və alıcılıq qabiliyyətinin düşməsinə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir