AQTA- nın sədri Şamaxıda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin fevral ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fevralın 2-si saat 10:00-da Şamaxı Rayon İcra Hakimiyyətində Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
“İNFONEWS” – un Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən əldə etdiyi məlumatına görə, agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı ad, soyad, ata adını, müraciətin məzmununu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 1-dək qəbula yazılmaq olar.
Eyni zamanda agentliyin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq, aqrokimya və baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.