NİTQİ ORDUYA BƏRABƏR, SƏRKƏRDƏ, SƏSİNİZ SƏSİMİZDİR!- Aynur Paşayeva
“İNFONEWS” təqdim edir:
NİTQİ ORDUYA BƏRABƏR, SƏRKƏRDƏ, SƏSİNİZ SƏSİMİZDİR!
Qələbəyə, Zəfərə səsyəyən nitq… Müdriklər demişkən, “Söz var kəsər savaşı, Söz var kəsdirər başı”… Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyini etibar etdiyi İlham Əliyev barədə dahiyanə uzaqgörənliklə demişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir… İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”… İnamı, ümidi Ata Vəsiyyəti ilə doğruldaraq Xalqın layiqli, sevimli oğluna çevrildi…
Cənab İlham Əliyev tarixə adını Qüdrətli Sərkərdə kimi yazdırmağa müvəffəq oldu. İllərlə Ermənistanı sülhə səslədi, barış istədi, amma düşmən xarici havadarlarına arxalanaraq təcavüzkar siyasətini davam etdirdi. Erməni məkri, çirkli oyunları 2020-ci ilə qədər davam etdi. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini cənab İlham Əliyev sərkərdə məharəti ilə hərbi yolla həll etdi. Cəmi 44 günə işğalçı ölkəni qarşısında diz çökdürüb təslimçi sülhə imza atmağa məcbur etdi və 30 illik müharibəyə, 2 əsrlik münaqişəyə son qoyaraq xalqının qəlbində əbədi heykəlini ucaltdı. Ali Baş Komandanın uzaqgörən, qəti, əzmkar siyasəti nəticəsində Doğma Qarabağımız düşmən tapdağından azad olundu, orda yenidənqurma, bərpa işləri sürətlə başladı. Düşmənin 30 ildə daşı daş üstə qoymadığı Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm modern layihələr reallaşdırmağa başladı.
Prezident İlham Əliyevin ən çox nəzərə çarpan və ən mühüm keyfiyyətlərindən biri də müharibə dövründə hər kəsin diqqətini cəlb edən və yüksək rəğbət qazanan danışıq üslubu və nitq mədəniyyəti idi. Bəli, düşmən üzərində Qələbənin qazanılmasında bacarıqla aparılan silahlı müharibə ilə yanaşı, dövlət başçısının ritorika vasitəsi ilə apardığı müharibənin də rolu danılmazdır. Məhz Liderimizin nitqləri vasitəsilə dünya Azərbaycanı yaxından tanıdı, Azərbaycan isə İlham Əliyevin natiqlik qabiliyyətinə və məharətinə daha da yaxından bələd oldu. Onun yüksək nitq qabiliyyətinin örnəyi, əxz etdiyi mənbə isə məhz atası Heydər Əliyevdir. Və Heydər Əliyev üslubunun layiqli davamçısı olduğunu dünyaya bir daha sübut elədi… İlham Əliyevin hər çıxışı bir əsərdir, dilçilik, tədqiqat əsəridir. Onun nitqinin daha təsirli xüsusiyyətlərindən biri səsindəki inam, özünəgüvən, xalq dilindən gələn xəlqilik, canlı dilin ifadələridir:
“Niyə demirsən “Qarabağ Ermənistandır?” Qorxursan, qorxacaqsan! Bəs Azərbaycan xalqını təhqir edəndə, “Qarabağ Ermənistandır və nöqtə” deyəndə niyə elə cəsarətli idin? Kimə güvənirdin? Kimə arxalanırdın? Bilmirdinmi ki, gün gələcək, bu əməllərə görə cavab verəcəksən?! Bu gün gəlibdir və gəlir”. Budur, ritorik sualların əsasında qurulan əzəmətli nitq…“Tikəcəyik, quracayıq, dirçəldəcəyik” sözünü tutmaq sədaqət, mərdlik, elinə-obasına sahib çıxmaq, gələcəyə inamla səsləməkdir…
Xalqın ürəyinə məhz bu ifadələrlə yol tapan, xalqının sevgisini qazanan, Qarabağımızı düşmən tapdağından xilas edən, tarix yazan Qəhraman Liderimiz – Cənab İlham Əliyev! İmzanız Səsimizdir! Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyir və növbəti seçkilərdə də güclü, qudrətli Azərbaycan qurucusuna səs verəcəyik!
Aynur PAŞAYEVA
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Azərbaycan dili” kafedrasının dosenti