Ədəbiyyat Muzeyində “M.Ə.Rəsulzadə – 140″ həsr edilmiş elmi konfrans keçirilib
Yanvarın 30-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadə tariximizdə, ədəbiyyatımızda, mənəviyyatımızda” mövzusunda elmi konfrans keçirilib. Konfrans Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən təşkil olunub.
“İNFONEWS” xəbər verir k, konfransda Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov “Milli düşüncəmizin Məhəmməd Əmin Rəsulzadə səhifəsi” mövzusunda çıxış edib. Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, istiqlal, azadlıq uğrunda mübarizəsindən, Azərbaycanın ictimai-fikir tarixində yeri və rolundan söz açıb. Akademik XIX əsrin sonu XX yüzilliyin əvvəllərində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətlər yetişdirdiyini və həmin insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolunun hər zaman yaddaşlarda yaşayacağını bildirib: “M.Ə.Rəsulzadə 1884-cü ildə anadan olub. Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev 1885-ci ildə dünyaya göz açıb. Azərbaycanın Cümhuriyyət kimi bir sərvəti qazanması uğrunda mübarizə aparan insanların əksəriyyəti təxminən elə həmin dövrdə anadan olub. XX əsrin əvvəllərində onlar gənc idilər, ancaq müdrik düşüncələri ilə milləti daha güclü olmağa səfərbər ediblər”.
“1903-cü ildə ilk ictimai-siyasi təşkilatı yaradarkən M.Ə.Rəsulzadənin 19 yaşı var idi”- deyən akademik onun siyasi fəaliyyətə başlayarkən çox gənc olduğunu söyləyib. Qeyd edib ki, XX yüzilin başlanğıcında siyasət aləminə gələn M.Ə.Rəsulzadə istiqlal düşüncəsi, azadlıq eşqi ilə mübarizələrin ön cərgəsinə çıxdı.
R.Hüseynov diqqətə çatdırıb ki, 1918-ci ilin sentyabrında Azərbaycanın istiqlalı elan edildikdən az sonra hakimiyyət Gəncədən Bakıya köçdü. Milli Hökumətimizin üzvləri o zamanlar “Metropol” adlanan mehmanxanada, indiki Ədəbiyyat Muzeyinin yerləşdiyi binada həm yaşayır, həm də işləyirdilər. İstiqlalımızın təməlləri bu tarixi məkanda qoyulub. Həmin insanların şərəfinə “İstiqlal” adlandırılan bu zalda AXC-nin iclasları keçirilib, Azərbaycanın gələcəyi üçün vacib qərarlar verilib, müzakirələr aparılıb. Azərbaycan Hökumətinin ilk çağırışları da buradan eşidilib. Ona görə də bu binada M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsi tarixin məntiqidir.
Akademik 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsinin elan edilməsini xalqımızın tarixində ən bəxtiyar, mühüm hadisə adlandırıb. Qeyd edib ki, gənclik illərindən M.Ə.Rəsulzadənin ən böyük amalı insanlara hürriyyət, millətlərə istiqlal idi. Rəsulzadə insanlara hürriyyət, millətlərə istiqlal ideyası ilə ömürboyu yaşadı. Ömrünün sonunadək daim Azərbaycan istiqlalının, Azərbaycan istiqlal düşüncəsinin sönməsinə imkan verməyənlərdən oldu.
R.Hüseynov diqqətə çatdırıb ki, M.Ə.Rəsulzadə ictimai mühitə ədəbi, poetik düşüncə ilə gəlib. “Bir kərə yüksələn bayraq bir daha enməz” deyərkən M.Ə.Rəsulzadə istiqlal düşüncəsini nəzərdə tuturdu. Onun 1920-ci ildən sonrakı bütün fəaliyyəti ondan ibarət oldu ki, mühacirətdə istiqlal işığını sönməyə qoymadı. Ürəklərdə, düçüncələrdə dalğalanmaqda davam edən bayrağın var olmasını təmin etdi. Ona görə də Məhəmməd Əmin Rəsulzadənin adı hər zaman yaddaşlarda yaşayacaq. XX yüzilliyin əvvəlində Azərbaycan istiqlal düşüncəsinin yüksəlişinin əsas təməlçilərindən biri olan M.Ə.Rəsulzadə həm də bu istiqlal düşüncəsinin siyasi irsini yaratdı. Onun cildlərlə əsərləri Azərbaycanda, Türkiyədə nəşr olunub. M.Ə.Rəsulzadənin parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi zaman keçdikcə də yaşayacaq.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə atası Azər Rəsulzadə ilə bağlı xatirələrini bölüşüb.
Sonra Ədəbiyyat Muzeyinin tərtibatçı rəssamı Leyla Məmmədovanın təqdimatında muzeyin yeni layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Leyla Məmmədova Məhəmməd Əmin Rəsulzadənin yeni heykəlinin hazırlanması üçün müxtəlif eskizlərini təqdim edib və onlar haqqında ətraflı məlumat verib.
Konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvinin şəxsiyyəti və irsinin görünən və görünməyən tərəfləri Məhəmməd Əmin Rəsulzadə yozumunda”, Ədəbiyyat Muzeyinin elmi işçisi Nəcibə Bağırzadə “Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyatla bağlı araşdırmalarında Azərbaycan davası”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Nizami Muzeyinin ekspozisiyasında Cümhuriyyət irsi”, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva “Məhəmməd Əmin Rəsulzadənin repressiya olunmuş doğmaları”, dosent Göyərçin Mustafayeva “Tatar tarixçisi Bulat Sultanbekovun Məhəmməd Əmin Rəsulzadə haqqında araşdırması” mövzularında məruzələrlə çıxış ediblər.