Ermənistan “oturduğu budağı kəsir”: Sərhəd təxribatı İrəvanın əsl niyyətini göstərdi

2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi bir lokal utkalıq antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı rejim ləğv olundu. Bu, Bakı ilə İrəvan arasında gərginliyin azaldılmasına müəyyən töhfə verdi və sülh gündəliyini aktuallaşdırdı. Dörd aydan çox müddət ərzində Ermənistanla Azərbaycan arasında heç bir hərbi gərginlik yaşanmadı. Amma bu sakitlik uzun çəkmədi.

Bu gün Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb. Məlumata əsasən, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb. Bu, əlbəttə, Ermənistanın növbəti təxribatı kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət yerli televiziya kanallarına müsahibəsində regiondakı vəziyyət, o cümlədən mövcud sabitlik barədə danışmışdı. Bir neçə ay davam edən sakitlik məhz rəsmi Bakının hərbi-diplomatik səylərinin nəticəsi idi. Lakin Ermənistanın bu konstruktiv hərbi vəziyyəti davam etdirməyə siyasi iradəsi çatmadı.

Əslində Ermənistanın belə bir təxribata əl atacağı gözlənilən idi. Hindistan və Fransa kimi dövlətlərin son zamanlar Ermənistanı sürətlə silahlandırması, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının genişləndirilməsi istiqamətində səylər, habelə Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam De Meyerin Ermənistana gedərək binoklla Azərbaycana tərəf baxması təsadüfi deyil. Bunun məntiqi nəticəsi olmalı idi. Üstəgəl, maraqlıdır ki, həmin vaxtlarda xarici KİV-də, o cümlədən İrəvan mediasında Ermənistanın sərhəddə əməliyyat həyata keçirərək uğur qazanmağa çalışacağı iddia edilirdi.

Nəzərə almaq lazımdır ki, bu cür sabotaj cəhdləri sülh quruculuğu prosesinə töhfə vermir. Əksinə, vəziyyəti gərginləşdirir və Ermənistana etimadı azaldır. Bugünkü hadisə bir daha onu deməyə imkan verir ki, İrəvanın sözünə, səmimiliyinə inanmamaq üçün kifayət qədər əsas var.

Ermənistan süni gərginlik yaratmaqla, üçüncü tərəflərin sifarişlərini yerinə yetirməklə və onlara inanmaqla əslində “oturduğu budağı kəsir”. Çünki regional əməkdaşlıq imkanlarından məhrum olur.

Qərb ölkələrinə güvənməyin fəlakətə səbəb olduğunu Paşinyan digər regionlara, o cümlədən Yaxın Şərqə, Şərqi Avropaya baxaraq görə bilər.

Nəhayət, nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında sərhədlər hələ müəyyənləşməyib. Yaxşı olar ki, İrəvan “odla oynamasın”. Əks halda Azərbaycan qabaqlayıcı və adekvat addımlar atmaqla özü öz sərhədlərini müəyyənləşdirə bilər. Bu isə Ermənistan üçün yaxşı nəsə vəd etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir