Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2023-cü ildə korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirakı ilə seçilən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib.
Qurumdan “İNFONEWS”-a verilən xəbərə görə, Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov, millət vəkilləri Məlahət İbrahimqızı, Arzu Nağıyev, Vüqar İskəndərov, Fatma Yıldırım, digər hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri və işəgötürənlər iştirak ediblər.
Tədbirdə çıxış edən S.Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində aparılan ardıcıl sosial islahatları, əldə olunan sosial nailiyyətləri diqqətə çatdırıb. Nazir aktiv məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının da ildən-ilə genişləndiyini, məşğulluğun təminatı istiqamətində görülən işləri qeyd edib.
Məşğulluq proqramlarının icrasında, həssas qrupların məşğulluğunun təminatı sahəsində sosial tərəfdaşların göstərdiyi dəstək, bu sahədə özəl sektora aid şirkətlərlə birgə aparılan işlər diqqətə çatdırılıb. Habelə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının məşğulluğuna dəstək işlərində sosial tərəfdaşlarla fəal əməkdaşlıq təcrübəsinin olduğu vurğulanıb.
Digər çıxış edənlər özəl sektorun həssas qruplara yönələn dəstək proqramlarında, onların məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlar olaraq fəal iştirakını yüksək dəyərləndiriblər.
Qeyd edək ki, korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların 2022-ci ildən Nazirlik tərəfindən hər il üzrə mükafatlandırılması tədbirləri keçirilir.
Bu dəfəki tədbirdə də 11 nominasiya üzrə sosial tərəfdaşlara mükafatlar təqdim edilib. Şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, qadınların, gənclərin, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərin və b. məşğulluğunun təminatına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq” altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan və bu altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşlara mükafatlar təqdim edilib.