Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub

Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub

Martın 5-də Dövlət İmtahan Mərkəzində “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” və “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinin təqdimatına həsr olunan tədbir keçirilib.

“İNFONEWS” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldığını söyləyib. Bildirib ki, müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı sərəncam və fərmanları dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırladığını diqqətə çatdırıb. Bildirib ki, belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib.

“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib” – deyə sədr qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin baş müəllimi və proqramın həmmüəlliflərindən biri olan Səbinə Əliyeva proqramın yaranma zərurəti, əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib.

Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” modelinə aid təqdimatla çıxış edib.

Tədbirin sonunda mövzu üzrə müzakirə təşkil olunub və iştirakçıların sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir