Lənkəranda teatr əsaslı təlim layihəsinə start verilib- “İRƏLİ”
Martın 23-də Lənkəran şəhərində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə start verilib.
“İNFONEWS” – a Birliyin Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, layihədə 30 pedaqoq iştirak edir. 5 gün davam edəcək proqram müddətində qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, eləcə də, bu sahədə təlimlər və seminarların təşkili nəzərədə tutulur. Bu təşəbbüsün nəzərdə tutulan nəticəsi müəllimləri improvizasiya, rol oyunu, aktyorluq və hekayə danışma sahələrində praktiki bacarıqlarla təmin etməkdir.
Qeyd olunub ki, proqramın faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə iştirakçı müəllimlərlə birlikdə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil metodları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.
“Act2Learn” layihəsinin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənlərin öz peşə fəaliyyətində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarətdir.