Konfrans: “Gənc müəllimlərin yaşıl dünyası” – GƏNCƏ
7 aprel 2024-cü il tarixində Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünyası: Ətraf mühitin qorunması naminə dayanıqlı inkişaf” adlı konfrans keçirilib.
“İNFONEWS” xəbər verir ki, 350 müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində, əvvəlcə, Gəncə Təhsil Sektorunun müdiri Nərgiz Həsənova açılış nitqində gənc müəllimlərin bu cür vacib mövzuda maarifləndirilmələrinin məqsədə uyğun və vacib olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Səkinə Həsənova çıxış edərək, öz fikirlərini gənc müəllimlərlə bölüşüb, bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edib.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. Paneldə Milli Məclisin deputatı, həmçinin Məclisin Elm və Təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, “IDEA” İctimai Birliyinin layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək, ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi mövzuları əhrafında danışıblar.
Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə, Elm və Təhsil Nazirliyinin eskperti Turab Əhmədov tərəfindən 3 müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdlərə bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarət olub.