“Faktlara dayanan TARİXİMİZ”: AZƏRBAYCANIN İSTİQLALININ ELAN OLUNMASINA GEDƏN YOL

“Faktlara dayanan TARİXİMİZ”: AZƏRBAYCANIN İSTİQLALININ ELAN OLUNMASINA GEDƏN YOL

“İNFONEWS” – un “Faktlara dayanan TARİXİMİZ” layihəsini Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, beynəlxalq tarixçi-ekspert Cəmilə Vaqif qızı Həsənova təqdim edir:

AZƏRBAYCANIN İSTİQLALININ ELAN OLUNMASINA GEDƏN YOL

1917-ci ilin sonlarına yaxın Azərbaycanın siyasi həyatında böyük dəyişikliklərin olduğu dönəm idi. Belə ki, milli hərəkatda artıq üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq, milli demokratlar fərqlənirdi, çünki onlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər.

Eyni zamanda bu dönəmdə Zaqafqaziyadakı mövcud olan siyasi təşkilatların da fəaliyyəti güclənmişdi. Nəhayət, 1917-ci ilin noyabr ayında Zaqafqaziya Komissarlığının yaradılmasına  qərara verildi.

1918-ci ilin fevralından Zaqafqaziya Seyminin açılışı oldu və seymin ilk iclasından isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub, “Müsavat”, “İttihat”, “Hümmət” və “Müsəlman Sosialist blokunu” təmsil edirdilər. Bu fraksiyanın rəhbəri M. Ə. Rəsulzadə idi.

1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfransında Azərbaycan nümayəndələri təmsil olunmadı, daha doğrusu, təmsil olunmaqdan özləri imtina etdilər.

1918-ci ilin mart ayında Azəbaycan türklərinə qarşı baş vermiş hadisələr Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd etmək lazımdır ki, on minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir.

Bu hadisələr haqqında M.Ə. Rəsulzadə yazırdı: “Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə “Müsavat firqəsi milli-müsəlman şura”sına elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə biliştirak 10000 qərib müsəlmanı qətl etdi”.

Bu tarixi hadisəyə düzgün qiymət verilməsi Ulu Öndər  Heydər Əliyevin zamanında olub. Belə ki,  Ulu Öndər  Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə imzaladığı Sərəncama əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasıdır. Məhz bu günlərdə minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəyanəti, törətdikləri qırğın haqqında məlumatlar bütün dünyaya nümayiş olunmağa başlanıldı.

1918-ci ilin aprelin 2-də Zaqafqaziya Seyminə Azərbaycanda baş verən bütün hadisələr haqqında məlumatlar çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti azərbaycanlı nümayəndələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək istəmirdi. Bu münasibəti görən Seymin azərbaycanlı deputatları ayrı-ayrı partiyaları təmsil etsələr də, eyni mövqeyə gəlib birgə fəaliyyətə üstünlük verdilər. Mart hadisələri Milli İstiqlal Mübarizəsinin nəinki məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi yaratdı.

Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar, gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur.

Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər.

Belə vəziyyətdə aprelin 19-da Seymə daxil olan Azərbaycan fraksiyalarının birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks halda, onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər.

Tezliklə, gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə yetirilməsinin – yəni Brest-Litovsk Müqaviləsi şərtlərinin və Zaqafqaziyanın müstəqilliyinin elanının vacibliyini dərk edib, müharibənin dayandırılması zərurəti qarşısında qaldılar. 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi.

Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə gərginləşirdi. Xüsusən, Almaniyanın da Zaqafqaziyada təsirinin artması, gürcülərin onlara meylini artırırdı.

1918-ci ilin 26 mayında Seymin sonuncu iclası keçirildi və fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti qapandıqdan sonra 1918-ci ilin mayın 27-də azərbaycanlı deputatlar fövqəadə iclas çağırıb vəziyyəti müzakirə etdilər. 1918-ci ilin 28 Mayında Milli Şuranın birinci iclasında Azərbaycanın Müstəqilliyi Haqqında Bəyannamə qəbul edildi.

1918-ci il mayın 28-də Zaqafqaziya Seymi tərkibindəki Müsəlman fraksiyası ayrıca qrup şəklində qalaraq Azərbaycanın istiqlalını elan etdilər. Qeyd etmək lazımdır ki, Azərbaycan İstiqlalının elan olunması günündə M. Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında” Nəsib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istəmək zərurətini” bildirmişdi.

Hələ mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı.  M. Ə. Rəsulzadənin sədrliyi irəli sürdü. “İttihad” partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi. H. Ağayev və M. Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı, F. Xoyski icraiyyə orqanının sədri seçildi. İlk Azərbaycan hökumətinin təşkili F. Xoyskiyə tapşırıldı.

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2. M.Ə. Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti.

Üçüncü məsələ ilə bağlı (yəni Azərbaycanın vəziyyəti) Şura üzvü X. Xasməmmədov Azərbaycanın müstəqil respublika elan edilməsi vacibliyini bildirdi, F. Xoyski isə “yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışığı aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə bağlı kifayətlənməyi” təklif etdi. Lakin Milli Şura 22 səslə (S. M. Qəniyev və C. Axundov bitərəf qaldılar) Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra “İstiqlal bəyannaməsi” qəbul etdi.

“İstiqlal bəyannaməsi” altı maddədən ibarət idi:

“1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir.

  1. Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xalq Cumhuriyyəti olaraq təqərrür edir.
  2. Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti-həsənə təsisinə əzm edər.
  3. Azərbaycan Xalq Cumhuriyyəti millət, məzhəb, sinif, məslək və cins fərqi gözləmədən qələmrovunda (hüdudu daxilində) yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
  4. Azərbaycan Xalq Cumhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
  5. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında areyi ümumiyyə ilə intixab olunmuş şuraya milli və şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur”.

Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M.Ə. Rəsulzadə 28 may istiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə yazırdı: “O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda bütün mövcudiyyəti ilə meydana atılmışdır”.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra həyata keçirtdiyi ilk tədbirlərdən biri Müstəqil Azərbaycan Republikasını AXC-nin varisi elan edərək, bütün dövlət atributlarımızın geri qaytarılması oldu. Bununla da, Azərbaycanın Müstəqsilliyinin bərpa edildiyini və dövlətçilik adət-ənənəmizin davam etdiyini bütün dünyaya bərqərar etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir