İqlim dəyişiklikləri və insan sağlamlığı üçün risklər – COP29 Azerbaijan
“İNFONEWS” təqdim edir:
İQLİM DƏYİŞİKLİKLƏRİ VƏ İNSAN SAĞLAMLIĞI ÜÇÜN RİSKLƏR
Çoxsaylı məlumatlarla sübuta yetirilmişdir ki, insan fəaliyyəti iqlimə qlobal təsir edir və bu da insanların sağlamlığında çox ciddi dəyişikliklərə səbəb olur. Faciəli meteoroloji hadisələr, qeyri-sabit iqlim şəraiti bilavasitə ərzaq və su ehtiyatlarına təsir edərək ekosistemlərin dəyişməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İqlim və hava, sağlamlığa güclü təsir göstərməklə həyat üçün təhlükəli olan transmissiv, yəni ötürücü xəstəliklərin modellərinin dəyişməsinə səbəb olur. İqlim dəyişməsinin sağlamlığa göstərdiyi hazırki və gözlənilən təsirləri gündən-günə dəyişilir. Bunları aşağıda göstərdiyim faktlarla deyə bilərəm:
- Bilirik ki, son 50 ildə insan fəaliyyəti, xüsusilə də, yeraltından çıxan yanacağın yandırılması nəticəsində iqlimə qlobal təsir edən külli miqdarda karbon qazı havaya tullanmışdır. Karbon qazının atmosferdəki miqdarının artması isti havanın atmosferin aşağı təbəqələrində saxlanması ilə nəticələnir. Bu da infeksion xəstəliklərin artmasına, yüksək hərarətdən ölüm hallarının çoxalmasına səbəb olur. Zəif səhiyyə infrastrukturuna malik ölkələr bu kimi halların qarşısında daha acınacaqlı vəziyyətə düşürlər. Çünki zəif iqtisadiyyata malik olan dövlətlər zəruri cavab tədbirləri görmək iqtidarında olmurlar.
- Tropiklərdən Arktikayadək ekstermal meteoroloji hadisələr,məsələn, şiddətli yağışlar, daşqınlar, qasırğalar insanların sağlamlığını təhlükə qarşısında qoyur, onların əmlaklarını dağıdır və vacib olan yaşama vasitələrindən məhrum edir. Bütün dünyada baş verən bu təbii fəlakətlərin 95%-i kasıb ölkələrin payına düşür.
- Aparılan tədqiqatlar göstərmişdir ki, havanın qısamüddətli intensiv dəyişməsi, yəni yüksək istilik (hipertermiya) və həddindən artıq soyuma (hipotermiya) sağlamlığa ciddi təsir göstərərək ürək-damar, respirator xəstəliklərdən ölüm hallarının artmasına səbəb olur.
- Qlobal istiləşmə astmaya səbəb olan bitki tozcuqları, antropogen, təbii mənşəli bərk zərrəciklərin havada olan səviyyəsinin artması ilə nəticələnir. Bu da son 10 ildə astmadan ölüm hallarının təxminən 20%-dək artmasına səbəb olmuşdur.
- Bilirik ki, dünya əhalisinin 60%-dən çoxu sahil xəttinin 60 km məsafə dairəsində yaşayır. Qlobal istiləşmənin digər nəticəsi olan dəniz səviyyəsinin artması daşqınlara səbəb olaraq travma və ölümlə nəticələnir. Su vasitəsilə keçən yoluxucu xəstəliklər artır və başqa transmissiv xəstəliklərə yoluxma riski artır. Bütün bunlar əhalinin miqrasiyası ilə nəticələnir, bu da münaqişələrin potensial riskini artıra bilir.
- Dünyada hər 10 nəfərdən 4-ü su çatışmazlığından əziyyət çəkir. Su çatışmazlığı və suyun pis keyfiyyəti gigiyena və sağlamlıq üçün təhlükə törədir. Çünki düşən yağıntıların həm miqdarının, həm də tərkibinin dəyişməsi şirin su ehtiyatlarının yaranmasına təsir göstərir. Ümumdünya səhiyyə təşkilatının hesabatında deyilir ki, il ərzində təxminən 2 milyon insan diareyanın (ishal), korluğa gətirib çıxaran göz infeksiyası olan traxomanın qurbanı olurlar.
- Su ehtiyatlarının kəskin çatışmazlığı əhalini məcbur edir ki, uzaq məsafələrdən mənbəyi və tərkibi məlum olmayan su ehtiyatlarından istifadə etsinlər. Bəzən ev şəraitində belə suların saxlanması onun çirklənmə riskini artıraraq su ilə keçən xəstəliklərin baş verməsinə səbəb olur.
- Dünyada bildiyimiz kimi iqlimə həssas olan xəstəliklər var və bu xəstəliklər öldürücü xəstəliklər sırasındadır. Bunların arasında ağcaqanadlar vasitəsilə yaranan malyariya xəstəliyi hər il minlərlə insanın ölümünə səbəb olur.
- Planetimizdə iqlim dəyişikliyi, hərarətin artması, düşən yağıntıların miqdarının dəyişilməsi nəticəsində qida təminatlarında da bir sıra çətinliklər yaradır. Xüsusilə tropik regionlarda məhsulun getdikcə azalması milyonlarla insanın həyata davam etmək üçün lazımi qida maddələrindən məhrum olmasına səbəb olur. Qida çatışmazlığına resperator, diareya və digər infeksion xəstəliklər də qoşulduqda milyonlarla insan dünyasını dəyişir. Aparılan tədqiqatlar göstərir ki, müvafiq tədbirlər görülməsə 2050-ci ilədək aclıq keçirənlərin və bunula bağlı sağlamlığına mənfi təsiri olanların sayı 2 dəfəyədək artacaq.
- Atmosferə atılan qazların azaldılmasını yönələn tədbirlər də sağlamlığımıza müsbət təsir edə bilər. İctimai nəqliyyat vasitələrindən təhlükəsiz istifadə və şəxsi avtomobillərə alternatif olan velosipedlər havaya atılan karbon qazlarının azalmasına, havanın çirklənmə səviyyəsinin düşməsinə səbəb olur ki, bu da hava damcı yolu ilə keçən respirator və ürək-damar xəstəliklərinin azalmasına kömək edir. Piyada hərəkət etməyin həvəsləndirilməsi fiziki aktivliyin artması ilə ümumi ölüm göstəricilərinin aşağı enməsinə səbəb olur.
Biz iqlim dəyişmələrinin sağlamlığa aid əsas faktorlar olan qida məshullarına, havaya, suya həddindən artıq mənfi təsirlərini göstərdik. Əgər bu mənfi təsirlər aradan qaldırılmasa və vaxtında zəruri cavab tədbirləri görülməsə dünya böyük təhlükə qarşısındadır. Və bu təhlükələrin aradan qaldırılması üçün hər bir fərd öz töhfəsini verməlidir.
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvi olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb. Ona görə də, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək.
Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək bir dövlət kimi bizim ən böyük uğurumuzdur. Əminik ki, bu sessiyada əldə edilən bütün dövlətlər üçün əhəmiyyətli olar.
Siracəddin ƏLƏKBƏRLİ,
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
“İqtisadiyyat və idarəetmə” fakültəsi, tələbə