İqlim dəyişikliyinin ətraf mühitə təsiri – COP29 Azerbaijan

İqlim dəyişikliyinin ətraf mühitə təsiri – COP29 Azerbaijan

“İNFONEWS” təqdim edir:

İQLİM DƏYİŞİKLİYİNİN ƏTRAF MÜHİTƏ TƏSİRİ

İqlim dəyişmələri, onun müasir dünyamızdakı müxtəlif ölkələrin inkişaf xəttinə, qlobal iqtisadiyyatın təkamülünə, habelə adi insanların həyat tərzinə göstərdiyi təsiri barədə yazılmış ədəbiyyatın sayı artıq yüz minlərlədir. İqlim dəyişmələri mövzusunu araşdıran elmi cəmiyyət özü iki cəbhəyə bölünmüşdür. Birinci cəbhə iqlim dəyişmələrinin bir qrup maraqlı tərəf, xüsusən də inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrdəki tərəqqinin sürətini qarşısının alınması üçün ortaya atılmış boş iddia olduğuna söykənir. Dünyanın ətraf mühit sahəsində tanınmış alimlərini özündə birləşdirən ikinci cəbhə isə iqlim dəyişmələrinin bəşəriyyət qarşısında duran ən ciddi problem olduğunu öz elmi mülahizələri və tədqiqatları ilə izah etməyə çalışır.

İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır.

İqlim dəyişmələrinin həqiqətən də baş verdiyini iddia edən alimlərin fikrinə əsasən problemin kökündə Yer Kürəsinin karbon-dioksid (CO2) və digər istilik effekti yaradan (parnik) qazların udulması potensialı durur.Bu nə Deməkdir? Müxtəlif növ tərəvəz və bitkilərin yetişməsi üçün lazımi temperaturu yaradan istilikxanalar kimi, atmosferdəki qazlar da günəşdən gələn istiliyi tutub saxlayaraq planetimizdə bizim yaşamağımız üçün zəruri istiliyi yaradır. Alimlərin hesablamalarına əsasən, əgər atmosferdə bu qazlar olmasaydı, onda Yer Kürəsində orta illik temperatur təxminən -19° C olardı. Məhz buna görə həmin qazlar istilik effekti yaradan və ya “istilikxana” qazları adlandırılır. CO2 və digər qazlar atmosferin üst qatlarında günəşdən gələn istiliyi tutub saxlamaqla bizi hədsiz istilikdən mühafizə edərək bir növ görünməz mühafizə zolağı yaradırlar. Beləliklə onlar dünyada insanların normal yaşaması və fəaliyyət göstərməsi üçün zəruri temperaturun formalaşdırılmasında müstəsna rol oynayırlar. CO2 atmosferə müxtəlif mənbələrdən daxil olur: kənd təsərrüfatı, landşaftdan istifadədə olan dəyişikliklər, sənaye, tullantılar, energetika və sair . XX əsrin ortalarından etibarən sənayenin inkişafı və enerji əldə etmək məqsədilə üzvi maddələrin yandırılması nəticəsində atmosferdə CO2 və digər istilikxana qazlarının atmosferdəki sayı sürətlə artmışdır. Bu da öz növbəsində günəş istiliyinin atmosferdə daha çox miqdarda saxlanmasına səbəb olur.

İqlim dəyişmələri insan inkişafına bir başa təhlükədir. İqlim dəyişmələri dünyanın bütün ölkələrində və hər kəsə təsir göstərir. Lakin dünyanın yoxsul insan təbəqələri iqlim dəyişmələrinə daha həssasdırlar. Onlar təhlükənin bir addımlığında dayanır və ona qarşı mübarizə aparmaq üçün çox az resursa malikdirlər. İqlim dəyişmələri Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq yolunda müxtəlif əngəllər yaradır, ölkələr daxili və arasında bərabərsizliyi artırır. Əgər məsələyə vaxtında diqqət yetirilməsə iqlim dəyişmələri gələcəkdə nəinki zəif inkişaf etmiş ölkələri, hətta varlı ölkə və gələcək nəsilləri də ağuşuna alacaqdır. Sevindirici haldır ki, iqlim dəyişmələri problemi indi təkcə elmi cəmiyyəti deyil, adi insanları, hökumət nümayəndələrini və siyasətçiləri də narahat etməyə başlamışdır. Təqribən 10 il bundan əvvəl iqlim dəyişmələrinin həqiqətən də baş verdiyinə tərəddüdlə yanaşan, hətta onu inkar edən və sıralarında dünyaca tanınmış ictimai və elmi xadimləri birləşdirən “skeptiklər cəbhəsi” mövcud idi. Böyük şirkətlər tərəfindən maliyyələşdirilən və mətbuat tərəfindən dəstəklənən skeptiklər cəbhəsi ictimai fikrin formlaşdırılmasında böyük rol oynayırdı. İndi isə hər hansı ciddi iqlimşünas alim iqlim dəyişmələri probleminin aktual, təhlükəli problem olduğunu qəbul edir və onun atmosferə CO2 qazının atılması ilə əlaqədar olduğunu dərk edir.

Orta qlobal temperatur dünyada iqlim vəziyyətinin dəyərləndirilməsi üçün ən çox istifadə edilən ölçü vahidinə çevrilmişdir. Bu ölçü vahidi bizə mühüm ismarıc göndərir. Biz artıq görürük ki, sənaye erasının başlanğıcından sonra qlobal orta temperatur 0,7°C artmışdır. Planetimizdə orta temperaturun artması ilə bərabər yerli yağıntı trendləri və ekoloji zonaların sərhədləri dəyişir, su səthində istiləşmə və buzlaqların əriməsi müşahidə olunur. İqlim dəyişmələrinə məcburi uyğunlaşma (adaptasiya) vasitələri adi hala çevrilməkdədir. Məsələn, Afrikanın şərqində quraqlıq mövsümündə qadınlar su tapmaq üçün daha uzun məsafə qət etməyə vadar olur. Banqladeş və Vyetnam kimi ölkələrdə şiddətli qasırğa, sel və dəniz səviyyəsinin qalxması nəticəsində kiçik fermerlər daha çox məhsul itkisindən dəyən itkini aradan qaldırmaq məcburiyyətində qalır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) qəbul olunmasında keçən 20 illik dövr ərzində atmosferdə istilikxana qazlarının konsentrasiyasının stabilləşdirilməsi istiqamətində bəşəriyyət olaraq çox az nailiyyət əldə etmişik.Qlobal orta temperatur həddində 2°C-dən artıq istiləşmə baş verəcəyi təqdirdə iqlim dəyişmələri risklərinin təhlükəsi kəskinləşəcəyi ehtimal olunur.Lakin inkişaf etmiş dövlətlər (ABŞ, Avropa İttifaqı ölkələri, Yaponiya və s.) öz ənənəvi inkişaf yollarında əl çəkmək niyyətində deyil. Eyni zamanda iqtisadiyyatı sürətlə inkişaf edən dövlətlər (Çin, Hindistan,Braziliya və s.) isə onlardan tələb olunan ekoloji müdafiə prinsiplərinə məhəl qoymurlar. Bu dövlətlər ekoloji tarazlığın onların inkişafının ləngitməsi hesabına nail olunmasını qərb dövlətlərinin bir növ paxıllıq hissi ilə izah edir və dünya ictimaiyyətinin suverenlik prinsipinə hörmət etməyə çağırırlar. Nəticə olaraq qlobal karbon emissiyaları 2011-ci ildə 3% artaraq rekord 34 milyard tona çatmışdır ki, bunun də təxminən 78% Böyük 20-lik (G-20) ölkələrinin payına düşür.

İqlim dəyişmələri qlobal bir prosesdir, lakin onun təsirləri özünü lokal səviyyədə büruzə verir. Fiziki təsir həddi coğrafi mövqe, qlobal istiləşmə və ərazidə mövcud iqlim şəraiti arasındakı əlaqədən asılı olaraq müəyyənləşir. Bu təsirin geniş əhatə dairəsi onun barəsində ümumi fikir söyləmək imkanlarımızı çətinləşdirir. Lakin iqlim dəyişmələrini insan inkişafını ləngidən 4 xüsusi istiqamət üzrə ümumi mülahizələr söyləmək mümkündür:

  • Kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi

Gündəlik gəliri 1 ABŞ dollarından aşağı olan dünya əhalisinin ¾-nün (təxminən 900,000,000 nəfər) əsas birbaşa gəlir mənbəyi kənd təsərrüfatıdır.İqlim dəyişmələri ssenariləri quraqlıq və yağıntıların paylanması sxemindən dəyişikliklərlə əlaqədar Sahara və cənub-şərqi Asiyada məhsul istehsalına ciddi mənfi təsir göstərə bilər. Alimlərin hesablamalarına görə əgər lazımi qabaqlayıcı tədbirlər görülməsə iqlim dəyişmələri tərəfindən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə təzyiqin nəticəsi olaraq 2080-ci illərədək əlavə 600 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkəcək.

  • Su qıtlığı təhlükəsinin artması

Qlobal orta temperaturun 2°C artması dünyada su resurslarının paylanmasında fundamental dəyişikliklərə səbəb olacaqdır. Himalay dağlarında buzlaqların əriməsi Şimali Çin, Hindistan və Pakistanda artıq kəskinləşməkdə olan ekoloji problemləri daha şiddətləndirəcəkdir. Buzlaqların əriməsi bu zonada ilkin dövrdə sel və daşqınların sayının artması, daha sonra isə suvarma əhəmiyyətli çaylarda su ehtiyatlarının azalması ilə nəticələnə bilər. Latın Amerikasında buzlaqların əriməsi xüsusilə And dağları zonasında şəhər əhalisinin içməli su ilə təminatı, kənd təsərrüfatı və hidro-energetika ehtiyaclarının qarşılanmasında problemlərə səbəb ola bilər. İqlim dəyişmələrinin təsiri nəticəsində 2080-ci ilədək su qıtlığından əziyyət çəkən dünya əhalisinin sayı 1,8 milyard nəfər arta bilər.

  • Ekosistemlərin məhv edilməsi

Qlobal orta temperaturun 2°C artması fauna və floranın növlərinin məhv olma təhlükəsini sürətləndirir. Alimlərin hesablamalarına əsasən qlobal orta temperaturun artım həddi 3°C-ni keçdikdə bilinən canlıların təqribən 20-30%-nin nəslinin kəsilməsi təhlükəsi yaranacaqdır. Hazırda iqlim dəyişmələri öz mənfi təsirini daha çox dəniz və okean eko-sistemlərinə göstərir. Bu da sahilyanı ərazilərdə bio-müxtəliflik və eko-sistemlərin tələfatı ilə nəticələnir. Nəticədə əsas gəlir mənbəyi balıqçılıq olan 100 milyonlarla insan qida çatışmazlığı və maliyyə itkisində əziyyət çəkir.

  • İnsan sağlamlığına risklərin artması

İqlim dəyişmələri müxtəlif səviyyələrdə insan sağlamlığına mənfi təsir göstərəcəkdir. Temperaturun istiləşməsi nəticəsində malyariya zonasının əhatə zonası genişlənərək əlavə 400 milyonadək insanı bu xəstəliyə yoluxma riski ilə üz-üzə qoya bilər. Malyariya xəstəliyindən ən çox ölüm hallarının təsadüf etdiyi Sahara bölgəsində (təqribən 90%) xəstəliyə yoluxmanın 16-28% artması ehtimal olunur. XX əsrin 70-ci illərinin sonundan etibarən iqlim dəyişmələri problemi beynəlxalq ictimaiyyətin diqqətini daha yaxından cəlb etməyə başlamışdır. İqlim dəyişmələrinə qarşı kollektiv qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının mandatı altında bir sıra qurumlar yaradılmış, iqlim dəyişmələri üzrə çərçivə konvensiya qəbul olunmuş və beynəlxalq əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müəyyən işlər həyata keçirilmişdir.Bu günə olan məlumata əsasən artıq 194 ölkə və bir regional təşkilat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etmişdir. Konvensiyanın tələblərinə əsasən hər bir ölkə atmosferə tullanan istilikxana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsiri və onun nəticəsində baş vermiş dəyişikliklər,iqlim dəyişmələri ilə mübarizə üzrə görülmüş işlər barədə mütəmadi olaraq Konvensiyanın Katibliyinə hesabatlar təqdim edir. Azərbaycan Respublikası da artıq katibliyə iki hesabat təqdim etmişdir (2005 və 2010-cu illərdə).

Yuxarıda qeyd etdiklərimizi əsas götürərək deyə bilərik ki, iqlim dəyişikliyi bu gün dünyanı narahat edən əsas qlobal problemdir. Onun mənfi təsirləri ciddi problemlər yaradır, istər, canlı orqanizmlər, istərsə də iqtisadiyyat olsun. Qeyd etdiyimiz kimi ölkələr və beynəlxalq təşkilatlar iqlim dəyişikliyi ilə mübarizə aparır. Biz insanlar da hər birimiz bunun üçün çalışmalıyıq və öz köməyimizi əsirgəməməliyik. Unutmayaq ki, deyildiyi kimi “Biz dünyanı əcdadlarımızdan miras olaraq deyil, övladlarımızdan borc olaraq alırıq”.

 

 

 

 

 

 

 

 

Həqiqət ÖMƏROVA,                                                                      

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

“İqtisadiyyat və İdarəetmə” fakültəsi, tələbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir