“Məşğulluq haqqında” Qanuna dəyişiklik edilir
“Məşğulluq haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib.
“İNFONEWS” xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikasının müvafiq qanunları ilə hər il üçün təsdiqlənən İşsizlikdən Sığorta Fondunun büdcəsində məqsədli proqramların həyata keçirilməsi, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədilə vəsaitlər ayrılır. Bununla belə, “Məşğulluq haqqında” Qanunda sözügedən tədbirlərin təşkili qaydaları ilə bağlı müvafiq tənzimləmə yoxdur. Təqdim edilən qanun layihəsində də məhz sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə əlavə iş yerlərinin yaradılması, həmçinin məqsədli proqramların həyata keçirilməsi ilə bağlı müddəalar əksini tapıb.