Tənbəllik dahilikdir, yoxsa…- NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞR
“İNFONEWS” – un “NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU” layihəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi, UNEC “Karyera Planlaması və İnkişafı” kafedrasının müəllimi, tədqiqatçı-ekspert Aysel Qaragözovanın təqdimatında növbəti buraxılışını təqdim edir:
“Hər zaman ən tənbəl insanları işə alıram, çünki tənbəllər çox qarışıq, çətin işlərin daha asan, sadə yolla öhdəsindən gəlirlər”
Bill Geytsin illər öncə dediyi bu sözlər sosioloqlar, psixoloqlar və geniş ictimaiyyətin bu gün də diqqətindədir. Bu ifadə çoxsaylı müzakirələrə səbəb olmuşdur və karyera inkişafı mentorları, bu sahənin mütəxəssisləri tərəfindən heç də birmənalı qarşılanmır.
TƏNBƏL İNSANLARIN ŞƏXSİ KARYERA İNKIŞAFINA TƏSİRİ VƏ BEYİN ARAŞDIRMALARI
Tənbəllik məfhumu nədir?
Ümumiyyətlə, tənbəl adam məfhumu özü də qeyri-müəyyəndir. Kimə görə?, Nəyə görə?, Hansı işlərə və Vəziyyətlərə görə?. Tənbəllik olduqca nisbi anlayışlardır. Əslində belə olmasa da, tənbəllik bəzən çox yatmağı və dincəlməyi sevən insanlarla eyni səviyyədə qiymətləndirilir. Tənbəllik, fəaliyyət göstərmək üçün motivasiya və ya enerji çatışmazlığı, məhsuldarlığın azalması ilə əlaqəli bir vəziyyətdir, çox yatmaq isə fiziki və zehni bərpa üçün zəruri bir prosesdir.
Son illərdə beyin araşdırmaları göstərir ki, tənbəllik bəzən beyin funksiyalarının spesifik xüsusiyyətləri ilə əlaqəli ola bilər. Məsələn, bəzi insanlar daha yavaş məlumat emalı və qərar qəbul etmə prosesi səbəbindən tənbəl görünə bilər. Lakin bu insanların beyinləri bəzən daha effektiv yollar tapmaq üçün fərqli yollar axtarır.
Neyronlararası əlaqələr və beyin plastisitesi (yəni, beynin dəyişmə və yenidən təşkil olunma qabiliyyəti) bu prosesdə mühüm rol oynayır. Tənbəl kimi görünən insanlar çox vaxt beyinlərinin yaratdığı unikal strateji yolları istifadə edərək çətin tapşırıqları daha sadə üsullarla həll edirlər. Bu, onların problemləri həll etmək üçün daha yaradıcı və inovativ yanaşmalar tapmalarına səbəb olur.
Tənbəllik dahilikdir!
Tənbəllik çox vaxt mənfi qəbul edilir, lakin bəzi hallarda bu, yenilik və effektivlik üçün bir vasitə ola bilər. Çünki tənbəl insanlar vaxt və enerji itirmədən işləri necə daha tez və asan şəkildə yerinə yetirə biləcəklərini düşünürlər. Bu da onların resursları daha optimal şəkildə istifadə etmələrinə imkan yaradır. Bill Geytsin qeyd etdiyi kimi, tənbəl insanlar bəzən ən mürəkkəb işləri belə asan və sadə yolla həll etmə bacarığına malikdirlər.