Marlen Ditrix, Sovet yazıçısı Paustovski və “Teleqram”
Marlen Ditrix Sovet İttifaqına gələndə ondan soruşurlar: “Moskva səfərində nəyi, haranı görmək istərdiniz – Kreml, Böyük teatr, Mavzoley?”
Sualı “Moskvada Sovet yazıçısı Konstantin Paustovskini görmək istərdim. Bu mənim ən böyük arzumdur”- deyə, cavablandıran məşhur aktrisanın etirafı eşidənlərin heyrətinə səbəb olur.
Əlbəttə, həmin anı təsəvvür etmək çətindir; dünya ulduzu və onun ən böyük arzusu Paustovski?!
Bununla belə, ulduzun arzusunu yerinə yetirməyə çalışırlar. Və nəhayət, axşama doğru xəstə yatan Paustovskini axtarıb-tapıb, konsertə gətirirlər.
Sonrası isə budur ki, konsertdə baş verənlər əfsanəyə çevrilir. Belə ki, səndələyən yaşlı yazıçını səhnəyə çıxarırlar. Remark və Heminqueylə yaxından dostluq edən Marlen Ditrix heç bir söz demədən, daş-qaşlarla işlənmiş səhnə paltarında Paustovskinin qarşısında diz çökür. Bu zaman dünya ulduzunun dar paltarının ipləri dartılmağa, tikişləri partlamağa başlayır və üzərindəki qaşlar səhnəyə səpilir. Xanım Marlen belə bir vəziyyətdə yaşlı yazıçının əlini öpüb, göz yaşlarına qərq olan üzünə basır.
İnsanlarla dolu konsert zalına, əvvəlcə, biranlıq sükunət çökür və birdən zalda alqış gurultusu qopur. Ulduz baş verənləri yavaş-yavaş anlayıb, utancaqlıqla yerdən qalxmağa başlayır.
Sonra Paustovskini səhnədə kresloya əyləşdirirlər və zaldakı alqış səsləri tam dayananda xanım Marlen sakitcə izah etməyə başlayır. Belə ki, illər öncə çox təsadüf nəticəsində Konstantin Paustovskinin Alman dilinə tərcümə edilmiş “Teleqram” hekayəsini oxuyub və bunu həyatının ən böyük ədəbi hadisə hesab etdiyini, “O vaxtdan bəri bu əsəri yazan yazıçının əlini öpməyi özümə borc bilirdim. Və indi bu niyyətim gerçəkləşdi! Buna görə xoşbəxtəm. Bir daha təşəkkür edirəm!”,- söyləyir.