Birlikdə yeni strateji hədəflərə doğru – Türk Dünyası
Azərbaycanın mədəniyyət paytaxtı və mənəviyyat məbədi olan Şuşa bu günlərdə növbəti dəfə Türk dünyasına qucaq açdı. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən və Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək nümayəndənin iştirak etdiyi “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans maraqlı müzakirələrlə yadda qaldı. Ən əsası bu konfrans bir daha belə bir həqiqəti ortaya qoydu ki, türk dövlətlərinin hər zaman və istənilən məsələdə həmrəylik nümayiş etdirmələri tarixi zərurətdir.
“İNFONEWS” xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yazın “Türk dünyası: Birlikdə yeni strateji hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Konfransın Şuşada keçirilməsi rəmzi məna daşıdı
Əvvəlcə onu qeyd edim ki, bu tədbirin Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ilin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin rəmzi mənası vardı. İlk növbədə ona görə ki, Şuşa yalnız Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edən şəhərdir. Vətən müharibəsində Şuşanın azad edilməsi təkcə Azərbaycanda deyil, bütün türk dövlətlərində böyük coşqu və sevinclə qarşılanmışdı. 2023-cü ildə isə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması Şuşanın Türk dünyasındakı yerinin təcəssümü idi.
Bununla yanaşı, 3 il əvvəl, iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasındakı münasibətləri tamamilə yeni, strateji müttəfiqlik mərhələsinə yüksəldən tarixi Şuşa Bəyannaməsi imzalanıb. Məhz bu Bəyannamə nümunəyə çevrilərək, hazırda digər türk dövlətləri arasındakı əlaqələrin yeni mərhələyə yüksəldilməsində mayak rolunu oynayır. İyunun əvvəlində TÜRKPA nümayəndə heyətini qəbul edən zaman Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Azərbaycan-Türkiyə müttəfiqliyinin timsalında ümumilikdə Türk dünyasının birliyinin vacibliyinə diqqət çəkdi: “Baxın, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışlar və rəsmi müttəfiq olmuşlar. Yəni bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz”.
Bu mənada “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda konfransın məhz Şuşa Bəyannaməsinin imzalandığı tarixdə keçirilməsi türk dövlətlərinin birliyinin daha da möhkəmləndirilməsi baxımından rəmzi məna daşıdı.
Qlobal kataklizmlər fonunda həmrəyliyin nümayiş etdirilməsi zərurətdir
Qədim Türk dünyasının və bu dünyanın tərkib hissəsi olan ayrı-ayrı türk xalqlarının, türk dövlətlərinin öz mövcudluqlarını qoruyub-saxlamasını, onların inkişafını şərtləndirən ən mühüm amillərdən biri türkçülük məfkurəsidir. Dünyada xalqların, millətlərin hər hansı ideologiya ətrafında birləşməsi ilə bağlı müxtəlif nümunələr var. Türk xalqlarını birləşdirən dəyərlər eyni soy-kökə, eyni tarixə malik olmaları, eyni dildə danışmalarıdır. İlk növbədə, türkçülük məfkurəsi hazırda Türk dünyasını birləşdirən əsas amildir. Təsadüfi deyil ki, əsası hələ 2009-cu ildə Naxçıvanda qoyulan Türk Dövlətləri Təşkilatında (TDT) üzv və müşahidəçi dövlətləri birləşdirən əsas amil türkçülük məfkurəsidir. Bu prinsip üzərində formalaşan TDT hazırda türk dünyasını birləşdirən və dünyaya tanıdan siyasi platformadır.
Lakin bəşəriyyət elə bir dövrə gəlib çatıb ki, indi türk dövlətləri öz maraq mənafelərini layiqincə təmin etmək üçün əvvəlkindən də güclü həmrəylik nümayiş etdirməlidirlər və bu tarixi zərurətdir. Çünki artıq aşınmaya məruz qalmış beynəlxalq hüquq bu gün sadəcə güc mərkəzlərinin əlində təzyiq aləti rolu oynayır və heç bir halda digər dövlətlərin mənafelərini qorumur. Bunun nəticəsi kimi qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilib. Beynəlxalq hüquq isə dünyada sülhü və sabitliyi kataklizmlərdən qorumaq iqtidarında deyil.
Xüsusilə qeyd edilməlidir ki, xarici güc mərkəzlərinin təsiri ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların – etnik və dini zəmində münaqişələrin, siyasi qarşıdurmaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda konfransının iştirakçılarına məktubunda haqlı olaraq qeyd edir ki, beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir.
Yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan türk dövlətləri də analoji çağırışlarla üz-üzədirlər. Ona görə də qeyd olunan qlobal problemlər və kataklizmlər fonunda Türk dünyasının birliyi daha vacibdir. TDT isə bu qlobal proseslərdən uğurla və sürətlə çıxmaq və itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. Bu təşkilatda təmsil olunan türk dövlətlərinin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir. TDT-nın dövlət başçılarının türk inteqrasiyasını daim inkişaf etdirmək, möhkəmləndirmək və dərinləşdirmək istiqamətində məqsədyönlü təşəbbüsləri də təqdirəlayiqdir.
TDT-nin qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru irəliləməsi hələ 2021-ci ilin noyabrında İstanbulda keçirilən türk dövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası – 2040” adlı sənədinin də əsas prioritetidir. TDT-nin strateji sənədi bu cümlə ilə başlayır: “Dünya miqyasında sürətli dəyişiklikləri və onların üzərimizdəki təsirlərini tanımaq və ələ almaq üçün strateji bir vizionu vacib edən bir dövrdə yaşamaqdayıq”. Bəli, dünyada yaşanan hadisələr, proseslər beynəlxalq, regional və qitələrarası mənada strateji baxışa sahib olma zərurətini yaradıb.
TDT çərçivəsində əməkdaşlıq dərinləşdiriləcək
Bütün bunlara nail olmaq üçün türk dövlətlərinin qarşısında çox mühüm vəzifələr durur. Hazırkı şəraitdə bu, ilk növbədə, iqtisadi əlaqələrin gücləndirilməsində özünü göstərə bilər. Məsələn, türk dövlətlərinin yerləşdiyi coğrafiyanın nəqliyyat və tranzit potensialından düzgün istifadə edilməsi strateji əhəmiyyət kəsb edir. Çindən Avropaya və əksinə ən səmərəli nəqliyyat yollar türk coğrafiyasından keçir və bu baxımdan nəqliyyat dəhlizlərinin inkişafı və logistika infrastrukturunun yaradılması türk dövlətlərinin ümumi maraqlarına cavab verir. 4,5 milyon kv.km. ərazini əhatə edən Türk coğrafiyasında yerin üstü kimi altı da zəngindir. Belə ki, türk dövlətləri böyük ehtiyatlara malik neft-qaz, həmçinin digər təbii sərvətlərə malikdirlər. Bu isə Türk Dövlətləri Təşkilatının təkcə regional deyil, beynəlxalq əhəmiyyətini də son dərəcə artırır, qurumun iqtisadi və siyasi inkişafını şərtləndirir. Onu da qeyd edim ki, hazırda TDT üzvlərinin iqtisadi potensialı 2 trilyon dollara çatır və iqtisadi sferadakı əməkdaşlığın dərinləşdirilməsinin və strateji vəzifələrin uğurla həyata keçirilməsinin nəticəsi olaraq TDT qlobal iqtisadi güc mərkəzinə çevrilə bilər.
Heç şübhəsiz, TDT-da bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Qeyd edim ki, TDT çərçivəsində partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin vahid dövlətlərarası birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda isə TDT-yə üzv ölkələrin hakim partiyalarını ikitərəfli əməkdaşlığı gücləndirmələri zərurətdir. Şübhəsiz ki, partiya diplomatiyasından istifadə edilməsi bundan sonra da davam etdiriləcək və bu, Türk dünyasının öz məfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsi istiqamətində faydalı olacaq.
Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə”, “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” və “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” mövzularında üç plenar sessiyada bu məsələlər ətraflı müzakirə edildi, təkliflər, təşəbbüslər səsləndirildi. Səslənən fikirlər belə bir ortaq məxrəcdə kəsişdi ki, türk dövlətlərinin qlobal kataklizmlərin öhdəsindən birlikdə gəlmələrinin və bu prosesdən güclü çıxmalarının əsas yolu TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir.
Şübhəsiz ki, Şuşada keçirilən konfrans türk dövlətləri arasında çoxşaxəli münasibətlərin inkişafına, Türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcək. Bu konfrans əlaqələri möhkəmləndirməyə, geosiyasi reallıqlara və qlobal kataklizmlərə qarşı effektiv mübarizə aparmağa kömək edəcək, yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacaq.