“İqlim dəyişikliyi problemləri və COP”- Saray MƏMMƏDOVA
“İNFONEWS” təqdim edir.
İqlim dəyişikliyi problemləri və COP
İqlim dəyişikliklərinin və onların həll yollarının COP- la əlaqəsi
İlk öncə, “iqlim dəyişikliyi nədir?” sualını cavablandiraq.
İqlim dəyişikliyi — İstixana qazlarının səbəb olduğu qlobal istiləşməni, həmçinin bunun nəticəsində müxtəlif hava şəraitlərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir.
İqlim dəyişiklikləri dünyanı narahat edən qlobal problemlərdən biri hesab olunur. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.
BMT əgər müdaxilə etməsə , qlobal istiləşmə və iqlim dəyişkənliyi səbəbindən bəşəriyyətin aşağıda sadalanan problemlərlə qarşılaşacağını qeyd etmək lazımdır:
- Tropik və subtropik iqlimə malik olan ərazilərdə, xüsusilə sitrus meyvələrinin və zəncəfilin yetişdiyi ərazilərdə kənd təsərrüfatı üçün təhlükə;
- Əhalinin yağış sularından asılı olduğu bölgələrdə suyun azaldılması davam edəcək və mövcud suyun keyfiyyəti pisləşəcək, meşələr təhlükə altında olacaq;
- Tropik və subtropik bölgələrdə malyariya və digər yoluxucu xəstəliklərdən ölüm halları artacaq;
- Buzlaqların əriməsi və müvafiq olaraq dəniz səviyyəsinin yüksəlməsi, bu da sahilyanı ərazilərin su altında qalmasına səbəb olacaq;
Qeyri-sabit hava şəraiti tək dünyanın bir sıra ölkələrində deyil, Azərbaycanda da hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir ki, bunun da canlı nümunəsi COP hesab olunur. COP (Conference of Parties) abreviaturasının ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. İqlim dəyişikliyi nəticəsində yaranan problemlərin həlli üçün təşkil olunan dünya səviyyəsində əhəmiyyətli tədbirdir.
İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. Tərəflər konfransı işə bu konvensiyanın icrasına nəzarət edən ali orqan hesab olunur. Konfransda konvensiyaya üzv olan 198 ölkə iştirak edir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. Bu il isə bu mötəbər konfransın 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Qeyd etmək lazımdır ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər, lakin birbaşa danışıqlar nəticəsində 2023- cü il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.
Bu konfrans sayəsində Azərbaycan neft-qaz ölkəsi kimi tanınması ilə bərabər, yaşıl iqtisadiyyat sahəsində də nə dərəcədə önəmli fəaliyyəti olduğunu bütün dünyaya nümayiş etdirəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına yardım edəcək.
COP tədbirlərində, adətən, gündəlik müəyyən edilir və tədbir zamanı müzakirələrdən sonra yekun sənəd hazırlanır. Ənənəyə əsasən, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin gündəliyini müəyyən edir.
Azərbaycanda keçiriləcək COP29-un gündəliyi hələ məlum deyil və belə ehtimal olunur ki, 2024-cü ilin mayında Almaniyada keçiriləcək Petersberq İqlim Dialoqu zamanı təyin olunacaq .
Konfransın məqsədləri haqqında danışaq, ümumiyyətlə, COP konfranslarında Dünyada karbon qazının (CO2) miqdarını 1,5 ⁰C ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq üçün müzakirələr aparılır. Əlavə olaraq , inkişaf etmiş ölkələr( İEÖ) inkişaf etməkdə olan ölkələrə( İEOÖ) iqlim dəyişikliyinin təsirini azaltmağa çalışaraq, maliyyə yardımına dəstək olmaq üçün fond toplayırlar. Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər.
Azərbaycan bu il keçiriləcək konfrans üçün “yaşıl vədlər”, yəni baza məqsədlər təyin edib, belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş torpaqları isə “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planlarının da bu il reallaşdırılması müvəffəqiyyətlə həyata keçirilir.
Xatırlatmaq faydalı olar ki, istixana effekti yaradan qazların dünya üzrə ümumi emissiyasında Azərbaycanın payı 0,15 faiz təşkil edir, bu göstərici dünya ölkələri arasında istixana effekti yaradan qazların qlobal emissiyasında ən çox payı olan Çin ( 28 faiz) ilə müqayisədə çox kiçik göstərici hesab olunsa da, ölkəmiz ağıllı” və “yaşıl” yanaşmaların tətbiqinin əsas prioritetlərimiz olduğunu dünya ölkələrinə nümayiş etdirəcəkdir.
Beləliklə, Azərbaycana bu uğurlu fəaliyyətində uğurlar və müvəffəqiyyətlər arzulayır, yeni dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməyi diləyirik.
Saray Yaşar qızı MƏMMƏDOVA
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), tələbə
#Importance of COPs