“Bu müəllimlər 1300 manata yaxın maaş alacaqlar” – Nazir
“Təxminən 35% müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”
“İNFONEWS” xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir deyib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır: “Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir”.
“Müəllimlərin işə qəbulu (MİQ) imtahanlarından keçənlərin sertifikatlaşdırmada orta balı 52-dir. MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.
Əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub. Belə ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur. Sertifikatlaşdırmada bu qrup üzrə nəticə orta hesabla 52 bal təşkil edib”, – E.Əmrullayev qeyd edib.
Nazir, həmçinin sertifikasiya ilə bağlı daxil olan müraciətlər barədə də danışıb. O bildirib ki, müraciətlər arasında balların artırılması və ya güzəşt edilməsi məsələsi yer alıb:
“Təkrar sertifikatlaşdırma imtahanından kəsilənlərlə bağlı yaradılan Apellyasiya Komissiyasına edilən müraciətlər arasında ciddi narazılıq müşahidə olunmayıb. Amma ümumilikdə balların artırılmasında güzəşt edilə bilməz”.