Azərbaycan enerji sektorunun Yaşıl Enerji səhifəsi – Simral DADAŞOV

Azərbaycan enerji sektorunun Yaşıl Enerji səhifəsi – Simral DADAŞOV

“İNFONEWS” təqdim edir.

Azərbaycan enerji sektorunun Yaşıl Enerji səhifəsi

Məlumdur ki, neft-qaz sənayesinin beşiyi olan Azərbaycanın Yaşıl Enerjiyə keçid addımları, COP29 kimi iqlim dəyişikliklərini hədəfləyən mötəbər tədbirlərə ev sahibliyi etməsi qabaqcıl dünya ölkələri tərəfindən müsbət qarşılanmaqdadır. Ölkənin bu enerji keçidini dəstəklədiyini göstərən ən bariz nümunə kimi 2030-cu ilədək bərpa olunan enerji mənbə payının 17%-dən 30%-dək artırılma, 2050-ə dək isə istixana qaz emissiyasını 40% qədər azaltmaq hədəflərini deyə bilərik. Əlavə olaraq isə hamının böyük sevinclə qarşıladığı işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji zonalarının salınması ilə bu sahədə “yaşıl işığın” yandığını görə bilərik.

İlk öncə, Azərbaycanın bərpa olunan enerji potensialını dəyərləndirək. Aparılan genişmiqyaslı hesablamalara əsasən, külək enerjisi 3000 MVt, günəş enerjisi 23000 MVt, və bioenerjinin iqtisadi potensialı 380 MVt həcmində qiymətləndirilir. Və sevindirici haldır ki, bu potensialın düzgün dəyərləndirilməsi üçün xarici şirkətlərlə əməkdaşlıq edilərək meqalayihələr həyata keçirilir. Nümunə olaraq, Səudiyyə  Ərəbistanı Krallığının  qabaqcıl enerji şirkəti olan ‘Masdar’-ı göstərə bilərik. Belə ki, şirkət Azərbaycanın “yaşıl enerji” sektoruna öz töhfəsini verərək, dənizdə 2QVt yaşıl hidrogen layihələrinin, quruda isə 1QVt gücündə külək, həmçinin günəş enerjisi layihələrinin icrasına başlamaqdadır.Həmçinin, Səudiyyə Ərəbistanının daha bir innovativ enerji şirkəti olan “ACWA Power”  240MVt gücündə inşa etdiyi “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təbii qaz istehlakında nəzərə çarpan dərəcədə azalmalara səbəb olacağı gözlənilir. Maraqlısı da budur ki, həmin layihə Səudiyyə Ərəbistanının xarici ölkələr içərisində qoyduğu ən böyük sərmayəsidir. Bu investisiya zəncirinə daha sonra Nobel energy, Total energy, bp, Baltech, China Gezhouba Group Overseas İnvestment kimi şirkətlər də qoşuldu. 2023-cü il 31 may tarixində “Bakı Enerji Həftəsi”çərçivəsində Maire Tecnimont şirkəti ilə daha bir əmıkdaşlıq sazişi imzalandı.

Azərbaycanın yaşıl enerji siyasəti də bir o qədər nəhəngdir. Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsindən sonra bu sahəyə xüsusi diqqət artırıldı. 2021-ci ildə “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioriteti hədəf olaraq müəyyənləşdirildi. Daha sonra, Prezident tərəfindən, Naxçıvan Muxtar Respublikası,Qarabağ və Şərqi Zəngəzur  yaşıl  enerji zonası kimi ictimaiyyətə elan edildi. Və “ağıllı şəhər”,”ağıllı kənd” xidmətləri istifadəyə verildi.

Bəs COP29 Azərbaycana nə kimi töhfələr verəcək?

İlk öncə, COP haqda qısaca məlumatı nəzərinizə çatdırmaq istəyirəm. COP (Conference of Parties) ,yəni Tərəflər Konfransı BMT-nin 5 regionunda hər il keçirilən qərarverici orqandır. Onun ən son sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar olaraq ən azı 70 min turistin Azərbaycana axını gözlənilir. Bu mötəbər tədbirə ev sahibliyi etmək üçün Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da müraciət etmiş,lakin daha sonra öz namizədliklərini geri çəkmişlər. Daha sonra Şərqi Avropa ölkələrinin birgə səsverməsi ilə Azərbaycanın 29-cu sessiyaya ev sahibliyi etməsi ona olan yüksək etimad kimi qiymətləndirə bilərik. Hal-hazırda COP’29-la bağlı çox intensiv hazırlıqların aparıldığının şahidi oluruq. Xüsusilə gənc nəsli iqlim dəyişikliklərinə biganə yanaşmamasını təbliğ edən və yeni iş təklifləri irəli sürən COP’29 Akademiyası fəaliyyətinə başlamışdır.Çox sevindirici haldır ki, iş platforması olan Linkedİn-də neçə-neçə gəncin COP-un gətirdiyi iş fürsətlərindən yararlandığını görə bilərik.

Yekun olaraq qeyd etmək istərdim ki, bu tədbir Azərbaycanın neft-qaz ölkəsi statusundan əlavə olaraq, yaşıl iqtisadiyyatın ne qədər prioritet sahə kimi qiymətləndirildiyini dünya ictimaiyyətinə sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq və ölkənin qarşıya qoyduğu qlobal prioritetləri dünya ictimaiyyətinə birbaşa və asan şəkildə çatdırılmasında böyük təkan verəcək.

 

 

 

 

Simral DADAŞOV, 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), tələbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir