DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “Euronews”da
“Euronews” telekanalının efirində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti haqqında reportaj yayımlanıb.
“İNFONEWS” xəbər verir ki, reportajda bildirilir ki, Cənubi Qafqazda ilk və ən böyük DOST Mərkəzi idman, rəqs, musiqi, dulusçuluq, kulinariya sənəti və 14 digər yaradıcılıq sahəsi üzrə 180-ə yaxın yetirməsinin bacarıq və yaradıcılıq potensialını inkişaf etdirir.
Mərkəzin direktoru Nigar Məmmədova deyir: “Biz əhalinin həssas təbəqələrindən olan yetirmələrimizin cəmiyyətə inteqrasiyası üzrə bir sıra layihələr həyata keçiririk.
Mərkəzin yanaşması praktikdir: burada məşğul olanlar konsert proqramlarında, ustad dərslərində və ictimai çıxışlarda iştirak edir, psixoloji dəstək və yaradıcılıq təlimləri alırlar. Bu bütöv model təkcə şəxsi inkişafı təşviq etmir, həm də sosial reinteqrasiyanı asanlaşdırır”.
Reportajda qeyd olunur ki, DOST Mərkəzinin direktoru Nigar Məmmədova aztəminatlı ailələr və fiziki imkanları məhdud şəxslərin iştirakı ilə daha inklüziv cəmiyyət qurmaq üzrə kreativlik və ictimai fəallıqdan istifadə edərək əhalinin həssas təbəqələrinin cəlb olunmasının tərəfdarıdır.
Nigar xanım inklüzivliyin təkcə hamı üçün bərabər imkanlar təmin etdiyini deyil, eyni zamanda, hər bir insanın cəmiyyət üçün vacib olduğunu vurğuladığını deyir. Onun sözlərinə görə, inklüzivlik və bərabərlik “hər kəsi cəmiyyət həyatına cəlb etmək və heç kimi kənarda qoymamaq” istiqamətində konkret addımlar atmaqdan ibarətdir.
Mərkəzin direktoru əlavə edib: “Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək, bu, təkcə ölkəmiz üçün deyil, dünya ictimaiyyəti üçün də böyük maraq doğuran bir hadisədir. COP29 sədrliyinin əsas məqsədlərindən biri hamının səsini eşitməkdir. Həssas qruplardan olan insanların ətraf mühitin mühafizəsində iştirakı COP29 çərçivəsində danışıqların mövzusuna uyğundur”.
N.Məmmədovanın qeyd etdiyi kimi, DOST Mərkəzinin səylərinin əsas istiqaməti gənclərə təlim keçmək, o cümlədən onları ətraf mühitin mühafizəsi və qlobal istiləşmənin azaldılması üzrə mübarizəyə cəlb etməkdir.
Nigar xanım reportajda vurğulayır: “Studiyalarımızda təkrar emal olunmuş və ekoloji cəhətdən təmiz materiallardan 50-yə yaxın yaradıcılıq əsəri ərsəyə gətirdik və bununla da onlara ikinci həyat bəxş etdik”.
Əsərlərin bəziləri Mərkəzdə moda nümayişi, sərgi və konsert proqramını özündə əks etdirən “Dünyanın qayğısına qal” layihəsi çərçivəsində təqdim olunur. Bu təşəbbüs Mərkəzin ətraf mühitin inklüziv idarəçiliyinə sadiqliyini vurğulayır və davamlılığın sosial ədalətlə necə birləşdirilə biləcəyini nümayiş etdirir. N.Məmmədova hər kəsi daha inklüziv və ədalətli cəmiyyətin qurulmasına töhfə verməyə çağırır.