IX Türk Dünyası Sənədli Film Festivalında “SARI GƏLİN SORAĞINDA”
Türk mədəniyyətini dünyanın ən qədim və ən geniş yayılmış mədəni irslərindən biri olaraq gələcək nəsillərə ötürülməsi və bu irsin qorunub saxlanılması məqsədilə “Məzlumlara azadlıq” devizi ilə keçirilən IX Türk Dünyası Sənədli Film Festivalına türk dövlətlərindən 300 müraciət daxil olub. Artıq 9-cu dəfədir keçirilən festivala Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Macarıstan və Şimali Makedoniyadan müraciətlər daxil olub.
“İNFONEWS” – un Azərbaycan Kinematoqrafçılar İttifaqından əldə etdiyi məlumatında bildirilib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer alıb.
Sənədli filmlər üçün 300 müraciət arasından seçilən 147 əsər qiymətləndirilmək üçün münsiflər heyətinə göndərilib. On film müxtəlif nominasiyalar üzrə mükafat alacaq. Ankarada TÜRKSOY Baş Katibliyində açılacaq festivalın münsiflər heyətinin iclası keçirilib.
On filmin müxtəlif nominasiyalarda mükafat qazanacağı festivalda “Bədii-sənədli film”, “Qısametrajlı sənədli film” və “Tələbə sənədli filmi” kateqoriyalarının qalibləri türkiyəli sənədli film rejissorları və akademiklərdən ibarət ilkin münsiflər heyəti tərəfindən müəyyən edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranma tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd, Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir. Filmdə Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinədək” əsəri əsasında qurulmuş bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.
Çəkilişləri Bakı, İsmayıllı, Gədəbəy və Kəlbəcərdə aparılan filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Səmədoğlu, prodüseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
Xatırladaq ki, “Türkiyə mədəniyyəti və Türkiyənin dünyaya baxışı” mövzusunda keçirilən festivalın mükafatlandırma mərasimi oktyabrın 11-də baş tutacaq.