“Əcnəbi tələbələrə dilimizi mükəmməl öyrətməliyik” – Çinarə QƏHRƏMANOVA
“Ölkəmizdə təhsil alan hər bir əcnəbi tələbə Dövlət bayrağımızı, himnimizi tanımalı, dilimizi, tariximizi, mədəniyyətimizi, folklorumuzu öyrənməlidir. Onların keyfiyyətli təhsil almaları məqsədilə Azərbaycan dilində işgüzar və akademik kommunikasiya üzrə dərsliklərin, dərs vəsaitləri və lüğətlərin tərtib edilməsi vacib və aktual məsələdir. Əcnəbi tələbələrə dilimizi mükəmməl öyrətməliyik.”
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Çinarə Qəhrəmanova müəllifi olduğu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” kitabının təqdimat mərasimində söyləyib.
Çinarə Qəhrəmanova kitabda Azərbaycan dilinin leksik və semantik normalarının düzgün öyrədilməsi, Azərbaycan dilinin təmizliyinin qorunmasının ön plana çəkməsinin mühümlüyünü vurğulayıb.
“Bir il öncə müəllifi olduğum “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyinin “Heydər Əliyevin 100 illik yubileyinə” həsr edilmiş nüsxəsi işıq üzü görmüşdü. Lakin son illərdə əcnəbi tələbələrə bu fənni tədris etdiyimdən qərar verdim ki, bu kitabın yeni nəşrini hazırlayım. Nəticədə kitabın əcnəbi tələbələr üçün nəzərdə tutulmuş eyniadlı dərsliyi ərsəyə gəldi” – müəllif əlavə edib.
Kitabın elmi redaktoru Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin (ÜFTTD) direktoru, dosent, əməkdar müəllim Gülnara Rzayeva təqdim olunan dərsliyin təkcə əcnəbi tələbələr üçün deyil, həm də Azərbaycan dilində işgüzar və akademik kommunikasiya bacarıqlarını möhkəmləndirmək istəyən mütəxəssislər üçün məzmun və forma baxımından olduqca səmərəli ədəbiyyat olduğunu diqqətə çatdırıb.
Kitabın rəyçisi “Azərbaycan dili” kafedrasının müdiri filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənli əcnəbilər üçün hazırlanan dərslikdə Azərbaycan milli dövlət rəmzlərinin və digər mühüm məlumatların yer alması kitabın əhəmiyyətini daha da artırdığını və milli dövlət maraqlarımıza xidmət göstərdiyini bildirib.
Kitabın daha bir rəyçisi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Həcər Hüseynova belə bir dərsliyin hazırlanmasının ölkəmizdə təhsil alan əcnəbi tələbələrin nitq mədəniyyətimizi mənimsəməsinə və Azərbaycan dilinin qorunmasına xidmət etdiyini bildirdi.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa Allahverdiyeva kitabın yazılışı zamanı dilin bütün ədəbi normalarına riayət olunduğunu bildirərək onun bu sahədə yazılmış ən keyfiyyətli əsərlərdən biri olduğunu söyləyib.
Sumqayıt Dövlət Universiteti (SDU) “Dil və Ədəbiyyat” kafedrasının müdiri dosent Böyükxanım Eminli dərsliyin Azərbaycan dilinin norma və prinsiplərinə ciddi əməl olunmaqla yazıldığını qeyd etməklə, Azərbaycan dilinin qorunması və əcnəbi tələbələrə öyrədilməsi baxımından olduqca dəyərli vəsait olduğunu diqqətə çatdırıb.
Tədbir maraqlı müzakirələr və
Qeyd edək ki, əcnəbi tələbələr üçün yeni çapdan çıxmış dərsliyin təqdimat mərasimi Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) təşkilatçılığı və KİM-in direktoru tar.ü.f.d. Adilə Abdullayevanın moderatorluğu, UNEC-in professor-müəllim heyəti, əməkdaşlar, tələbələr və qonaqların iştirakı ilə baş tutub.