Milli Teatrda “Tanrı quşu gəlmədi” tamaşasının premyerası olacaq
Oktyabrın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Tanrı quşu gəlmədi” tamaşasının premyerası olacaq.
“İNFONEWS” xəbər verir ki, premyera Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində həyata keçiriləcək. Layihənin məqsədi bölgə teatrlarının yaradıcı həyatını stimullaşdırmaq, gənc rejissorların quruluş verdiyi tamaşaları paytaxt tamaşaçılarına təqdim etməkdir.
Yeni layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında rejissor Anar Babalının Lənkəran Dövlət Dram Teatrında quruluş verdiyi, psixoloji-dram janrında olan səhnə əsəri günah, qisas və yalan haqqındadır.
Yeni yaradıcılıq işində rollarda Xalq artisti Qabil Quliyev, Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Elçin Hacı, Əlizamin Abbasov və İmaməli Əsgərov çıxış edir.
Səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. Tamaşada istifadə olunan mahnının sözləri Banu Muharremindir.
“Tanrı quşu gəlmədi” tamaşası öz ilkin və həqiqi mahiyyətindən qopan, mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi taleyindən bəhs edir.
Doğulduğu kənddə onun bütün keçmiş günahlarından xəbərdar olan sonuncu adam öləndən sonra Süleyman kəndə qayıtmağa qərar verir. Kənddə onu çox şey gözləyir: doğulduğu və indi ömrünün bu ixtiyar çağında sığınmaq istədiyi ev, doğmalarının xatirəsi, həyatını məhv etdiyi qadının qisası, ondan üz döndərən Tanrı quşu…
Süleymanın oğlu Mustafa onun kəndə qayıtmağının əleyhinədir. Bu konflikt tamaşada bir çox həqiqətlərin – yalan və günahların üzərinə işıq salır, sevgidən doğulmayan insanın bədbəxtlik girdabında necə çırpındığını tamaşaçıya göstərir.
Süleyman həyatının acı həqiqətləri ilə üz-üzə qalıb nəhayətdə qovuşmaq istədiyi Tanrı quşunun qurbanına çevrilir. Süleyman quş dilini də bilmir. Mistik və mifik obraz olan Tanrı quşunu Allahın insana əmanəti olan vicdan hissinin ümumiləşmiş adı da hesab etmək olar.