BMA-da “Əşrəf Abbasov-105” həsr edilən elmi-praktiki seminar keçirilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q. Qarayev adına konfrans zalında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqonolofiya və Akustika” elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Üzeyir Hacıbəyli – 140” tədbirləri çərçivəsində Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illiyinə həsr olunan elmi-praktiki seminarı keçirilib.
Seminarı Ü. Hacıbəyli adına BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli açıb. O, çıxışında Əşrəf Abbasovun insani keyfiyyətləri, müəllimlik fəaliyyəti haqqında, həmçinin onun ikinci dünya müharibəsi zamanı cəbhədə vuruşduğunu xüsusilə vurğulayıb. F. Bədəlbəyli 1965-ci ildə Ə. Abbasovun yaradıcılığının zirvəsində yazdığı libretto müəllifi Xalq artisti Əfrasiyab Bədəlbəyli olan, Azərbaycan musiqi mədəniyyətində ilk uşaq baleti “Qaraca qız” haqqında söz açaraq bildirib ki, olduqca qiymətli bu əsər yenidən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmalıdır.
Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nurida İsmayılzadə tədbir iştirakçılarını salamlayaraq, elmi-praktiki seminarın həm məruzəçisi, həm də moderatoru Səadət Təhmirazqızına sözü verib. Sonra Ü. Hacıbəyli adına BMA-nın III kurs tələbəsi Günel Hacıyevanın müşayiəti və BMA-nın I kurs magistr tələbəsi Orxan Cumayevin nəfis ifasında Ə. Abbasovun violonçel və fortepiano üçün poeması səsləndirilib.
Səadət xanım Azərbaycan bəstəkarlıq məktəbində öz yeri, öz dəsti-xətti olan Xalq artisti, professor Ə. Abbasov haqqında çəkilən, ssenari müəllifi olduğu və ilk dəfə Mədəniyyət kanalında nümayiş olunan “İlmələrin sədası” adlı sənədli filmi təqdim edib. O, bəstəkarın anasının xalça toxuduğu zaman vurduğu ilmələrin və kirkidin yaratdığı səsin uşaqlıqdan Əşrəfin ağlına həkk olaraq onu gələcəkdə musiqi səslərinə “düzdüyünü” söyləyib. Xalça sənətində olduğu kimi, musiqidə də “səslərin ilməsi” paralelinə əsaslanan Səadət xanım filmin adını məhz bu bənzətməyə görə belə adlandırdığını bildirib. Filmdə Əşrəf Abbasovun bütün həyat və yaradıcılığı işıqlandırılıb. Filmdə Səadət xanımın bəstəkarən yaradıcılığı haqqında həm elmi, həm də bədii publisistik fikirləri olduqca dəqiq ardıcıllıqla təqdim olunub. Məruzəçi Ə. Abbasov musiqisinin qorunaraq, nəsillərdən-nəsillərə ötürüləcəyi əminliyini bildirib.
Tədbir iştirakçılarının olduqca böyük maraqla izlədikləri filmin nümayişindən sonra söz bəstəkarın gəlini, musiqişünas Raya Abbasovaya verilib. “Əşrəf Abbasovun ictimai fəaliyyəti” adlı məruzə ilə çıxış edərək, olduqca maraqlı arxiv materiallarını təqdim edbi. Onun seminarda təqdim etdiyi bütün materialların gələcəkdə kitab halında geniş oxucu kütləsinə təqdim olunması arzu edilib. Ardınca Ü. Hacıbəyli adına BMA-nın tələbəsi Fidan İbrahimova Ə.Abbasovun Fortepiano üçün altı miniatür əsərini ifa etdi.
Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Azərbaycan bəstəkarlıq məktəbində Əşrəf Abbasovun rolu” adlı məruzə ilə çıxış etdi. Onun xalqa olan böyük sevgisini, xalqa xidmətini vurğulayaraq, bu yolda necə çətinliklərdən keçərək, mübarizə apardığından söz açıb. Həmçinin Cəlal Abbasovla onun atası haqqında xatirələrini paylaşıb.
“Sənətkar haqqında ən yaxşı söz onun öz sənətidir” söyləyən Səadət Təhmirazqızı yenidən sözü musiqiyə verib. Ü. Hacıbəyli adına BMA-nın tələbələri vokalist Nigar Əsgərova və onu fortepianoda müşayiət edən Nuray Əliyeva tərəfindən ilk dəfə R.Behbudovun ifasında səslənən musiqisi Ə.Abbasova, sözləri Molla Pənah Vaqifə məxsus olan “Heyran olmuşam” və çox az ifa olunan sözləri Abdulla Şaiqin “Oxu bülbülüm” əsərləri səslənidirilib.
Bəsətkarın oğlu Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, professor C. Abbasov, Xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü. Hacıbəyli adına BMA-nın professoru E. Dadaşova bəstəkarla bağlı xatirələrini seminar iştirakçıları ilə paylaşıblar.
Səadət Təhmirazqızının musiqişünas və musiqi sevər kimi düşüncələrinin əksini tapdığı filmin tədqim olunduğu elmi-praktiki seminar Nefçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin müəllimi Tükəzban Mehdiyevanın 4-cü sinif şagirdi Fəxriyyənin ifasında Ə.Abbasovun Sonatinası ilə tamamlanıb.
Könül Əhmədova-Yusifova
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Üzeyir Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyası, böyük elmi işçi