“Baca-baca” İlaxır çərşənbəmizi Qərbi Azərbaycanda keçirəcəyik – Azadə Novruzova

“Baca-baca” İlaxır çərşənbəmizi Qərbi Azərbaycanda keçirəcəyik – Azadə Novruzova

Biz əminik ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, “Baca-baca” İlaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik.

“İNFONEWS” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Şəki kənd icmasının sədri AYB və AJB-nin üzvü şair-publisist, Prezident mükafatçısı Azadə Novruzova Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icmasının Novruz bayramı tədbirində söyləyib.

37 il sonra Vətən həsrəti ilə təşkil edilmiş bu möhtəşəm tədbirdə yalnız Qarakilsə rayonunun Şəki kənd icmasının üzvləri deyil, Azərbaycanın bütün bölgələrindən Qarabağdan, Zəngəzurdan, Bakıdan, Şəkidən, Şamaxıdan, Abşerondan, Göyçədən, Borçalıdan, Təbrizdən olan alimlər, ziyalılar, həkimlər, şairlər, yazıçılar, xalqımızın sayılıb-seçilən ağsaqqalları, ictimai fəallar iştirak ediblər.

Azadə Novruzova Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin bayram təbrikini iştirakçılara çatdıraraq, “Baca-baca” İlaxır çərşənbə adlı tədbiri açıq elan edib.

Tədbirdə Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş Şəhidlərimizin, eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan Qərbi Azərbaycanlıların  xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən bəhs edən süjet nümayiş olunub.

İcmanın məqsədi, məramından söz açan Azadə xanım İlaxır çərşənbə “Baca- baca” haqqında uşaqlıq xatirələrini danışıb. O, bildirib ki, bayram hazırlıqlarında nənələrimizin gözəl, naxışlı torbalar tikməsini, biz də onu qapılara atıb, “Baca-baca” payımızı alamağımızı, tonqaldan atlanıb, rəngli yumurtalar döyüşdürməyimizi heç vaxt unutmayacağıq.

Folklorşünas – alim, BDU-nun dosenti Məhəmməd Məmmədov Zəngəzurda Novruz adət-ənənələri, “Baca-baca” İlaxır çərşənbə ilə bağlı iştirakçılara geniş məlumat verib. Daha sonra AYB-nin Cənubi Azərbaycan bölməsinin rəhbəri yazıçı, şair, tərcüməçi Sayman Aruz, tarix üzrə fəlsəfə doktoru, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, “Mənim ailəm” filminin ssenari müəllifi, tanınmış telejurnalist Bəhruz Niftəliyev, filologiya elmləri doktoru Almaz Ülvi, Şəki kənd icmasının ağsaqqalı, Şəki kənd orta məktəbinin direktor müavini, dərs-hissə müdiri vəzifələrində çalışmış Əmir (Talıb) Bayramov Novruz bayramı adət-ənənələrindən, eləcə də tədbirin əhəmiyyəti barədə danışıblar.

İcma ilə həmişə sıx, gözəl münasibətdə olan Xalq artisti Eldost Bayramın çıxışı tədbirə ayrı bir rəng qatıb. Eldost müəllim Qərbi azərbaycanlıların istiqanlılığı, qonaqpərvərliyi, daxili zənginliyindən ürəkdolusu danışdı. Bildirdi ki, bu qədim yurdun insanları söz sərrafıdırlar. Bura istedadlar məskənidi, bu şairlərin şeirləri insana başqa bir zövq verir. O, Azadə xanımım şeirlərinin içdən, candan yazıldığını, özünün də o şeirlərə ürəklə yanaşaraq, tamaşaçılara böyük bir məhəbbətlə təqdim etdiyini vurğulayıb. Tədbirdə Şəki rayonu, Yeni Azərbaycan Partiyası sədrinin müavini, əslən Qərbi Azərbaycandan (Əştərəkdən) olan Ziya Vəliyev də çıxış edib. O, çıxışında 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycandan didərgin düşmüş və Şəki rayonunun eyniadlı Şəki və Daşbulaq kəndlərində məskunlaşmış icma nümayəndələrinin də təbrikini hər kəsə çatdırıb. “Dədə Ələsgər” İB-nin sədri Xətai Ələsgərli də hələ uzun müddət bu el şənliyinin xoş təəssüratında olacağını vurğulayaraq, təşkilatçılara öz təşəkkürünü bildirib.

Bayram tədbirində “Nərgiz” rəqs qrupu milli rəqslərimizi təqdim edib. “İrəvan” ansamblı bir-birindən gözəl musiqi nömrələri ilə könülləri oxşayıb. Beynəlxalq müsabiqələr qalibi aşıq Ramin Qarayevin Dədə Ələsgərin yaradıcılığından səsləndirdiyi aşıq havaları da iştirakçılara gözəl bir ovqat bəxş edib.

Tədbirdə iştirakçılara Qərbi Azərbaycanın, o cümlədən Şəki kəndinin qədim adət-ənənələrini özündə əks etdirən sərgi təqdim edilib. Qədim məişət əşyaları, o cümlədən, xalca, palaz, kilim, xurcunlar, novruz şirniyyatlarına daxil olan İrəvan kətəsi, çöçə, çıppa, lavaş, yuxa, bayram xonçaları, həmçinin Mirvari Dilbazi adına Poeziya Məclisinin rəhbəri, Kələğayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlının kələğayı, millli papaqlar və əl işləri də  nümayiş etdirilirib.

Tədbirin sonunda Şəki Kənd İcmasının sədri Azadə Novruzova prezidentimiz İlham Əliyevin çıxışlarına istinad edərək bildirdi ki, biz doğma, qədim ata-baba yurdumuz olan Qərbi Azərbaycanımıza mütləq qayıdacağıq. Öz elimizdə, obamızda, doğma Şəki kəndimizdə füsunkar Şəki şəlaləsinin ətəyində, Güllü bulaqda, Yağlı Güneydə, Darvaza döşündə, Fətişin hasarında qalanan Novruz tonqallarımızın alovu göyə yüksələcək, “Baca-baca” İlaxır çərşənbəmizi əvvəlkindən də daha şövqlə qeyd edəcəyik!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir