“Qodonun intizarında” tamaşasına ictimai baxış keçirilib
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tamaşaçılarını daha bir maraqlı səhnə əsəri ilə sevindirəcək. Bu, dünya şöhrətli irland yazıçısı, şair və dramaturq Samyuel Bekketin absurd teatrın klassik nümunəsi olan “Qodonun intizarında” pyesidir.
“İNFONEWS” – a verilən məlumatda bildirilib ki, müəllifin eyniadlı pyesi əsasında hazırlanan tamaşa bu dəfə teatrın direktoru, istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapıb.
Mir Qabil Əkbərov bildirib ki, 2025-ci ilin 1-ci rübbündə nəzərdə tutduğumuz “Qodonun intizarında” tamaşasına ictimai baxış keçirdik. Tamaşanın xronometrajı bir saatdır, 4 nəfərlikdir. Tamaşa absurd üslubda yazılmış bir əsərdir. Əsər dünyaca tanınmış bir əsərdir. Absurdun ağırlığını nəzərə alaraq biz bunu birpərdəli etdik.
Mir Qabil Əkbərov tədbirdə Bədii Şuranın üzvləri, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Həsən Kərimovun iştirakını qeyd edib.
Həsən Kərimov çıxışında “Qodonun intizarında” tamaşasının təqdimatının uğurla baş tutduğunu vurğulayıb. Dram Teatrın repertuarında tez-tez dünya ədəbiyyatı incilərinə müraciət olunmasını təqdirəlayiq hal hesab edib, Mir Qabil Əkbərov olmaqla bütün heyətə təşəkkür edərək, tamaşanın həm səhnədə, həm də qastrol səfərlərində uğurla nümayiş olunacağına əminliyini bildirib.
Sonra Bədii Şuranın üzvləri tamaşa haqqında yüksək rəy bildirib, bütün heyətə yaradıcılıq uğurları arzulayıblar.
Qeyd edək ki, səhnə əsərində Azərbaycan Respublikasının əməkdar artisti Behruz Haxverdiyev Vladimir, Zakir Fətəliyev Estraqon, gənc aktyorlardan Məmməd Mehdiyev Poçço və İsmayıl Mirzəcanov Lakki obrazlarını məharətlə canlandırıblar. Tamaşanın rejissoru Mir Qabil Əkbərov, rejissor assistenti Leyla Yaqubova, quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı İbrahim Əliyevdir.



