Erməni generalın etirafı: “Azərbaycan ordusu kifayət qədər güclüdür”
“İNFONEWS” xəbər verir.
2018-ci ildən ötən ilin yayına kimi Ermənistan ordusunun baş qərargah rəisi olmuş Artak Davtyan 44 günlük müharibə haqqında diqqətçəkən fikirlər səsləndirib.
Yerli KİV-ə verdiyi müsahibədə Şuşa döyüşlərindən tutmuş revanşizm meyllərinə qədər bir çox suallara cavab verib.
Davtyan jurnalistin “müharibə niyə minlərlə ölü, yaralı, xeyli əsir və itkinlərin olması, torpaqların itirilməsi ilə başa çatdı?” sualını belə cavablandırıb:
“Bir şeyi dəqiq deyə bilərəm ki, rəqib kifayət qədər güclü idi. Biz də əslində zəif olmadıq. Axı, döyüşlər 44 gün çəkdi. Nə oldusa, son günlərdə baş verdi, sonda nələrsə düz getmədi. Tam olaraq detalları deyə bilmərəm. Çünki təfərrüatları bilmirəm. Amma bu təfərrüatlar və səhvlər açıqlanmalıdır. Müharibənin nəticələrinin səbəblərini aydınlaşdırmaq üçün bir komissiyanın yaradılmasında iştirak etməyə hazıram”.
Davtyan, həmçinin jurnalistin “Şuşanın azad edilməsi tapmaca kimi qalır. Sizcə şəhər alındı, yoxsa təslim edildi?” sualına da cavab verib: “Şuşada baş verənlər hər şeydən əvvəl mənim üçün böyük bir acı, faciədir. Şəhərdə nələr baş verdi, düşmən ora necə çatdı, bu sualın cavabı hətta Şuşadakı hərbçilərə də aydın deyil. Beləliklə, bütün müharibənin nəticələrində olduğu kimi, Şuşada yaşananlar da ətraflı öyrənilməlidir. İndi hər hansı bir nəticə çıxarmaqdan çəkinirəm”.
Keçmiş baş qərargah rəisi eyni zamanda revanşla bağlı fikirlərə münasibət bildirib: “Əgər yenidən belə müharibə aparmağa toplanacaqsınızsa, bizim üçün çox çətin olacaq. Ordu istənilən halda qarşıya qoyulan vəzifəni yerinə yetirməyə hazır olur. Amma tapşırıqların yerinə yetirilməsi indi nə qədər effektli olacaq və ya nə qədər itki verəcəyik, bu artıq sual doğurur. Yenə deyirəm, əgər bugünkü sərhədlərimizi qorumaqdan danışırıqsa, bəli, dedikləriniz mümkündür. Amma sabah oxşar bir müharibəni aparmağı nəzərdə tuturuqsa, ertəsi gün bunun hansı nəticələr verəcəyini proqnozlaşdırmaq çox çətindir”.
Davtyan İkinci Qarabağ savaşının erməni ordusunun beşinci nəsil müharibələrinə hazır olmadığını göstərməsi ilə bağlı mövzuya toxunaraq bu gün üçün əsas prioritetləri açıqlayıb:
Məncə, ordu ilk növbədə psixoloji cəhətdən düşdüyü çətin vəziyyətdən çıxmalı və uğursuz psixologiyasını öz üzərindən atmalıdır. Silahlı qüvvələrin prioritetləri arasında zabitlərin, xüsusən də tağım komandirlərinin toplanmasına mühüm yer verilməlidir. Bu baxımdan, ermənilərin zabit olmaq və xidmətlərini davam etdirmək istəmələri üçün çoxlu işlər görülməlidir. İnsanların yenidən orduya və xidmətə inanması üçün çoxlu işlər görmək lazımdır.