“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR”- Nərmin və Pərvin Bədəlovlar

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR”- Nərmin və Pərvin Bədəlovlar

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı əziz Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışı 2020-ci ildə II Qarabağ müharibəsində iştirak edərək, Murovdağın, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda qəhrəmancasına savaşaraq,  oktyabrın 27-də Qubadlı döyüşləri zamanı həlak olan Şəhid Oktay Bədəlovun övladları Nərmin və Pərvinə həsr edilib.

Tanış olun: Nərmin Oktay qızı Bədəlova

Onun 16 yaşı var, 10-cu sinifdə oxuyur.

“Atam haqqında sual verəndə ən çox onun cəsarəti, mərdliyi və fədakarlığından danışmaq istəyirəm. Atam örnək bir şəxsiyyət idi. Vətənə, bayrağımıza, ailəmizə olan sevgisi sanki tükənməz idi. O, anamı, məni, qardaşımı elə diqqətlə dinləyər, elə mehribançılıq göstərərdi ki.. Məhz onun bu mehribançılığı hər bir işin öhdəsindən gələcəyimizə güc verirdi. Tədbirlərdə atamdan bəhs edəndə, onun döyüşlərdə göstərdiyi şücaətdən danışılanda, mənə deyiləndə ki, ‘sənin atan qəhrəmandır’, içimdə böyük sevinc hissi yaranır, çox qürurlanıram, fəxr edirəm ki, belə bir atanın qızıyam. Bu gün atam yanımda olmasa da, xatirəsi belə mənim həm ilham, həm də güc mənbəyimdir.”

Tanış olun: Pərvin Oktay oğlu Bədəlov

Onun 17 yaşı var. Tələbədir.

“Atamdan danışanda onun necə güclü, mərd və hər işdə düzgün davrandığını deməyi sevirəm. O, mənim üçün həmişə nümunə olub. Hər zaman atamla fəxr etmişəm və həmişə də fəxr etməyə davam edəcəyəm. Atamın seçdiyi yol və həyatı boyunca göstərdiyi əzm mənim üçün sonsuz ilham mənbəyidir. Onun hər addımı, hər mübarizəsi mənə güc verir, ürəyimdə ümid və inam oyadır. Mən də bu işıqlı yolun davamçısı olmaq, onun izləri ilə addımlamaq istəyirəm. Gələcəkdə isə yalnız onun yerini tutmağa deyil, adını, qəhrəmanlığını və dəyərlərini layiqincə yaşatmağa çalışacağam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir