Masallıda “Ümumrayon Valideyn Konfransı” keçirilib
Dekabrın 18-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində “Ümumrayon Valideyn Konfransı” keçirilib.
“İNFONEWS” xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, ümumtəhsil məktəblərinin direktorları və valideynlər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov konfransın əsas məqsədinin məktəb–valideyn–cəmiyyət əməkdaşlığının gücləndirilməsi, uşaqların sağlam mənəvi mühitdə formalaşması, yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və erkən nikah hallarının qarşısının alınmasında valideyn məsuliyyətinin artırılması olduğunu diqqətə çatdırıb.
Konfrans çərçivəsində Lənkəran Dövlət Dram Teatrının kollektivi tərəfindən xüsusi hazırlanmış sosial səhnəcik nümayiş etdirilib. Səhnəcikdə ailə daxilində zorakılığın və onun cəmiyyətə mənfi təsirləri bədii formada təqdim olunaraq, zorakılığa qarşı mübarizənin hər bir fərdin məsuliyyətindən başladığı mesajı verilib.
Çıxış edənlər gender bərabərliyinin təmin edilməsinin, qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Sonda bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin davam etdiriləcəyi bildirilib.











