Bu gün ADNSU Kitabxanası rəqəmsal texnologiyalarla inkişaf edir
“Bu gün qürurla deyə bilərik ki, ADNSU kitabxanası biliklərin qorunması, paylaşılması və informasiya savadlılığının inkişafı istiqamətində strateji rol oynayan müasir akademik məkandır.”
“İNFONEWS” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova “Kitabxana 2.0: innovativ xidmətlər və proqram təminatı. Web 2.0 texnologiyalarının kitabxana mühitinə tətbiqi” mövzusunda infosessiyada söyləyib.
“Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzi universitetin akademik, elmi-tədqiqat və tədris fəaliyyətlərini dəstəkləyən çoxfunksiyalı informasiya infrastrukturu kimi fəaliyyət göstərir. Kitabxana həm ənənəvi fondlar, həm də rəqəmsal resurslar, elektron kitabxana platformaları və innovativ informasiya xidmətləri ilə təchiz olunub. Web 2.0 rəqəmsal texnologiyalarının inteqrasiyası və elektron rəqəmsal idarəetmə sistemləri, eləcə də, muasir və bütün kitabxana modullarınn tətbiq olundugu proqram təminatı vasitəsilə istifadəçilərə məlumatın səmərəli əldə olunması, qiymətləndirilməsi və idarə olunması üçün operativ imkanlar təqdim edilir”, – deyə Səlahət Mahmudova əlavə edib.
Qeyd edək ki, dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Kitabxana 2.0: innovativ xidmətlər və proqram təminatı. Web 2.0 texnologiyalarının kitabxana mühitinə tətbiqi” mövzusunda, ölkənin 25 aparıcı universitetini, akademiyasını və dövlət qurumunu təmsil edən kitabxana rəhbərləri, əməkdaşları və bu sahə üzrə mütəxəssislərin iştirakı ilə infosessiya keçirilib.
