“Həcci də rüsvay etdilər, qoymadılar and içməyə müqəddəs nəsə qalsın”
“Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Aşıq Molla Cümə… Vaxtilə “molla” çox şeyi bilən adam, ziyalı, alim həm də ruhani özəlliyini özündə daşıyan bir rütbə, həm də mənəvi dərəcə idi. Xurafat və mövhumat əhli mahiyyəti kimi adın özünü də istismar edib sui-istifadə etdi və hörmətdən saldı. Burada sovet hakimiyyətinin də rolu böyükdür. Kommunist ideolojisini yaymaq və dini sıradan çıxarmaq üçün harda əcaib – qəraib, löyünsüz, alasəy, cahil adam vardısa başına papaq qoyub molla etmişdi ki, qoy dini rüsvay etsinlər. Ziyalı, mütərəqqi insanlar da görüb dindən də, molladan da ikrah etsin. Bir zümrə də bu axına düşüb gedirdi və dini yaşatdığını zənn edirdi”.
“İNFONEWS” Adalet.az -a istinadən xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə, indi də “Hacı” anlamını biabır etməklə məşğuldur eyni cahil və xurafatçı, istismarçı zümrə:
“Vaxtilə, hətta Çar Rusiyası dövründə “hacı” deyəndə Hacı Zeynalabdin Tağıyev yada düşürdü. İndi isə kiminsə adının qabağında “Hacı” sözü işlənəndə çoxu şübhə edir, ağlına ya arvadbazlıq, əyyaşlıq, bəzi müğənnilərə siğədarlıq ya da dələduzluq, din tacirliyi gəlir.Belə “hacılara” hacı yox “tacir filankəs” deyilməlidir. Çünki Məkkəyə ticarət üçün gedib, ibadət üçün deyil. Öz aləmində gedib ki, Allahla alver etsin. Yəni, ona pul xərcləyib ibadət, qurban, təvaf, dua verib əvəzində Cənnət, hurilər alsın. Bu, biznesdir. Belə adamlara tacir deyilir. Allah üçün xeyir iş nəzərdə tutsaydı, burada kiməsə əl tutardı. Demək öz nəfsi, şəxşi mənafeyi üçün gedib. Əsl Hacı isə başqa şeydir. Yalnız Həcc zamanı istifadə olunur xitab olaraq. Çünki hərə bir diyardan gəldiyi üçün çox adam bir-birinin adını, künyəsini bilmir”.
İlahiyyatçı deyib ki, İslamda, Peyğəmbər ənənəsində hacı titulu, mərtəbəsi yoxdur:
“Olsa idi İmamlar, onların əshabı istifadə edərdi. Məsələn, Hacı Əbu Zər, Hacı İmam Əli, Hacı Ömər, Hacı Abdullah bin Ömər deyilər, yazılardı. Onlara deyilmədi ona görə ki, onlar onu ticarət yox, ibadət kimi qəbul edirdilər. İbadət də reklam olunmaz, ibadətlə titul əldə edilməz. Lakin sonradan bəzən nadir adamlara bu adla xitab olunub. Bunlardan biri də Hacı Zeynəlabidin Tağıyevdir. Dində belə titul olmasa da, o kişiyə halal və layiqdir. Çünki o, adı din tacirliyinə görə yox, xeyriyyə işlərinə görə alıb, ziyarətdə olmasa belə. Amma indi hacılığı da Həcci də rüsvay etdilər. Qoymadılar and içməyə müqəddəs nəsə qalsın. Bir də görürsən hansısa diskotekadan – bardan söhbət gedir. Dərhal deyirlər ora hacı filankəsindir. Taksidə radioda müğənni oxuyur, sərnişinlər aralarında söhbət edirlər ki, bunu da Hacı filankəs saxlayır. Rüşvətxor məmurun kabinetinə girirsən, zərli sandıqçaya əlini basır ki, bax bu Həccdən gətirdiyim Qurana and olsun ki, mən təmiz işləyirəm”.
Vasif ƏLİHÜSEYN