“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR”- Zəhra və Zinyət Şikarovalar

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR”- Zəhra və Zinyət Şikarovalar

“İNFONEWS” təqdim edir.

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının kapitanı, 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına həlak olan Şəhid Nəcəf Şikarovun əziz övladları Zəhra və Zinyətdir.

 

Tanış olaq: Zəhra Nəcəf qızı Şikarova

Onun 12 yaşı var, 6-cı sinifdə oxuyur.

Atamdan danışanda onu bir-iki sözə, ifadəyə sığışdıra bilmirəm, çünki o, mənim başqa bir dünyamdır. Atam həm Vətən uğrunda canını fəda etmiş igid bir şəhid, həm də qəlbimdə ən isti yerə sahib olan mehriban bir ata idi. O, qərar verəndə tərəddüd etməyən, dediyi sözün məsuliyyətini ömrü ilə daşıyan bir insan idi. Məni səssizcə qoruyar, baxışı ilə belə doğru yolu göstərərdi. Bəzən onun sözlərini xatırlayıram və elə bilirəm ki, hələ də hardasa yanımdadır, diqqətlə mənə baxır.

Atamla fəxr edirəm — bu, sadəcə bir cümlə deyil, içimdən gələn bir etirafdır. Mənə “sənin atan qəhrəmandır” deyəndə qəlbimdə həm sonsuz bir qürur, həm də ağır, amma müqəddəs bir nisgil baş qaldırır. Onun igidliyini, mərdliyini düşündükcə gözlərim dolur, ürəyim sıxılır, amma eyni zamanda içimdə güclü bir arxa-dayaq hiss edirəm. Sanki o, hələ də yanımda dayanıb, çiynimə əlini qoyur və susaraq mənə güc verir. Dediyim bu söz mənim üçün adi fikir, tərif deyil. İnanıram ki, bu, həyatım boyu yolumu işıqlandıran, məni doğruya səsləyən bir mənəvi işıqdır.

 

Tanış olaq: Zinyət Nəcəf qızı Şikarova

Onun 14 yaşı var, 8-cı sinifdə oxuyur.

Atam haqqında danışanda ağlıma ilk gələn onun cəsarətli və mərd olmasıdır. Çünki o, təkcə Vətən yolunda şəhidlik zirvəsinə ucalan hərbçi deyil, ailəmiz üçün də örnək bir insan idi. Atamın yanımda olduğu anları ikili hislə – həm başımı dik tutduğum qürur, həm də içimi isidən, amma kövrəldən dərin bir sevgi və eyni zamanda sonsuz kədərlə xatırlayıram. Və məhz bu xatirələr mənim üçün həyatımda dərin izlər qoyan, mənə hər addımda yol göstərən dərslərdir. Atamın adı çəkiləndə qəlbimdə görünməz bir güc oyanır, sanki haradansa mənə “davam et” deyən bir səs gəlir. Mənə “sənin atan qəhrəmandır” deyəndə, elə bil, ürəyim bir başqa cür döyünür, qürurlanıram, lakin onun üçün çox darıxğımın sızıltısının da ildən-ilə daha artdığını hiss edirəm. Bu söz mənə təkcə qürur vermir, o, məni ayaqda saxlayan, bəlkə də daha möhkəm olmağa çağıran bir gücdür.

Atamın yaşadığı bu şərəfli ömür həm mənim, həm də bacım, eləcə də ailəmiz üçün bu günümüzün və gələcəyimizin yol xəritəsidir. Onun tutduğu yolunu əzmlə davam etdirmək, adına layiq olmaq və daşıdığı dəyərləri yaşatmaq həyatımın amalıdır.

Şəhid Nəcəf Şikarovun ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir