“Erməni vandalizmi Qarabağda hər yerdə izlənilirdi” – Pərviz Qasımov
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra vaxtilə işğal altında olmuş ərazilərimizdə yenidən elmi-tədqiqat və bərpa işləri canlandı. Bu tədqiqatlarda iştirak edən ilk arxeoloqlar olaraq qalib xalqın və dövlətin nümayəndələri kimi qəlbimizdə sevinclə yanaşı, kədər hissi də var idi. Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan arxeoloqlarının və antropoloqlarının gözü qarşısında erməni işğalçılarının vəhşiliyinə məruz qalmış əzəli yurdlarımızın acınacaqlı bir mənzərəsi açılmışdı və bu acı təəssüratı ifadə etmək üçün söz tapmaq çətindir.
“İNFONEWS” xəbər verir ki, bu fikrləri AZƏRTAC-a açıqlamasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov söyləyib. O bildirib ki, erməni vandalizmi hər yerdə izlənilirdi. Üzərliktəpə orta Tunc dövrü məskənində elmi tədqiqatların ilk günündən bizə aydın oldu ki, təpənin üzərindəki son orta əsrlərə aid müsəlman qəbiristanlığında bütün qəbirlərin sinə və baş daşları məhv edilib. Yalnız bir baş daşının kiçik fraqmentinə rast gəlindi.
Müsahibimiz qeyd edib ki, Ağdam şəhərində Qarabağ xanlarının nəsli sərdabələrinin, Ağdamın XIX və XX əsr tanınmış ziyalılarının, dövlət adamlarının və din xadimlərinin qəbirlərinin olduğu İmarətdə erməni işğalçılarının törətdiyi dəhşətli vandalizm aktları qeyd edildi: “Qarabağ xanlarının türbələrindən birinin günbəzi partladılıb, digər dörd türbə donuz damları kimi istifadə edilib. İşğalın ilk günlərindən ermənilər ərazidəki bütün qəbirləri dağıtmağa, talan etməyə başlayıblar. Təqribən 30 il müddətində bu dağıntılar təbii proseslərin (külək, yağıntılar, çökmə və d.) nəticəsində torpaq qatı ilə örtükdüyündən elə təəssürat yaranırdı ki, ərazidə qəbiristanlıq olmayıb. Amma tədqiqatlar ümumilikdə ərazidə 213 qəbiri müəyyən etdi. Onlardan 18-i türbələr daxilində döşəmə altında olduğundan, bu qəbirlər toxunulmaz qalıblar. Türbələrdən kənar 195 qəbirin baş daşları və sinə daşları bütünlüklə dağıdılıb. XX əsrə aid bəzi qəbirlərdəki mərmər örtüklərin qoparıldığının şahidi olduq. Eynilə də, XX əsr qəbirlərin bir neçəsinə talan məqsədilə baş hissədən müdaxilə olunmuşdu. Eyni zamanda, talan məqsədilə bütünlüklə dağıdılmış qəbirlərdən çıxarılmış insan qalıqları pərakəndə halda ətrafa səpələnmişdi. Talanın məqsədi qiymətli metaldan olan diş protezlərinin oğurlanması idi”.
O qeyd edib ki, işğalçılar qəbir baş və sinə daşlarının əksəriyyətini qəbiristanlıq ərazisindən çıxarıb tikinti materialı kimi istifadə edirdilər. Hətta qəbiristanlıqdan kənarda, Ağdam şəhərinin dağıdılmış evlərinin özül qalıqlarında ibarət olan məhəllələrinin birində atılmış qəbir daşlarına rast gəlinmişdi. Qəbiristanlıq ərazisində aşkar edilən sındırılan və bir neçə parçaya bölünən başdaşılar pərakəndə səpələndiyi üçün onların hansı qəbirdən qoparıldığını müəyyən etmək çox çətindir.
Onun sözlərinə görə, İmarət kompleksində tədqiqat işləri aparan arxeoloji ekspedisiya tərəfindən qəbirlərin dağıdılması və talan faktları Ağdam Cümə məscidinin şərq divarının dışarı ərazisində olan qəbirlərdə də qeyd edildi. Burada sovet dönəmində Ağdamın seyidləri dəfn edilmişdi. Onların qəbirlərinin hamısına baş tərəfdən talan məqsədilə müdaxilə olunmuşdu.
Xocalıdakı Tunc dövrünə aid kurqan və torpaq qəbirlərlə zəngin tarixi nekropol ərazisində, həmçinin orta əsrlərə və müasir dövrə aid qəbirlər də vardır. Aidiyyəti təşkilatlar tərəfindən aparılan monitorinqin nəticələrinə görə, müasir dövr azərbaycanlılara məxsus 355 qəbirdən 250-sinin başdaşı dağıdılıb, 55 qəbirin başdaşı və sinədaşına ziyan yetirilib. Əlli qəbir tam məhv edilmişdi. Orada aparılan ilkin tədqiqatlar zamanı erməni vandalları tərəfindən yolun kənarına atılan orta əsr inşaat kitabəsi aşkar edilib. Kitabənin üzərindəki mətn bizə məlum olmayan hansısa tikilinin memar Əmir ibn Mahmud tərəfindən inşa edildiyi göstərilir və kitabənin tarixi 1412-ci ilə (hicri 815-ci ilə), Ağqoyunlu dövləti dövrünə aid olduğu barədə məlumat verir. İşğalçılar tərəfindən bu kitabənin Qarabağdakı hansı inşaat abidəsinin üzərindən qoparıldığını müəyyən etmək xüsusi tədqiqatın mövzusudur.
“Ağdamla Əsgəran arasında, Ağdam-Şuşa yolunun üzərindəki və sahəsinə görə Qarabağ və Zəngəzurda ən böyük qəbiristanlıqlardan biri olan Qarağacı qəbiristanlığında işğalçıların törətdiyi vandalizm və talan faktları hələ tam işlənilməyib. Buradakı orta əsrlərə və müasir dövrə aid qəbirlər demək olar ki, istisnasız dağıntıya məruz qalıbl. Sözsüz ki, aidiyyəti təşkilatlar və AMEA Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları və antropoloqları tərəfindən qeydiyyata alınan bu vandalizm aktları Azərbaycanın işğal edilmiş ərazilərində sistemli şəkildə özülünədək bütün kənd və şəhərləri dağıdan işğalçı rejimin və birbaşa rəsmi İrəvanın göstərişləri əsasında gerçəkləşdirilib. Aydındır ki, bu siyasətin kökündə azərbaycanlıları mənəvi baxımdan alçaltmaq, digər tərəfdən, xalqımızın möhtəşəm irsini yer üzündən silmək məqsədi dayanırdı. Hər iki çirkin məqsəd beynəlxalq hüquqi aktlarda, 1954-cü il Haaqa Konvensiyasının müddəalarında, UNESCO-nun 2003-cü il Bəyannaməsində bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilib”, – deyə P.Qasımov bildirib.