BMT -də Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirilir
Ümumdünya Dinlərarası Harmoniya Həftəsi hər il fevralın ilk həftəsində qeyd olunur. 2021-ci ildən etibarən bu tarixə Beynəlxalq İnsan Qardaşlığı Günü də daxildir.
“İNFONEWS” xəbər verir ki, BMT Baş Assambleyası özünün 65/5 saylı qətnaməsində hər il fevralın ilk həftəsini bütün dinləri, etiqadları və inancları birləşdirən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi elan edib. O, həmçinin bütün dövlətləri dini ənənələrindən və ya inancından asılı olmayaraq, Uca Yaradana və qonşuya sevgiyə, yaxşılığa, hörmət əsasında kilsələrdə, məscidlərdə, sinaqoqlarda, məbədlərdə və digər ibadət evlərində dinlərarası harmoniyanın və xoşməramlılığın yayılmasını könüllü olaraq dəstəkləməyə çağırıb. Bu il fevralın 11-də keçirilməsi planlaşdırılan 11-ci illik Cenevrə Dinlərarası Dialoqu səfirləri, dünyanın əsas dinlərinin yüksəksəviyyəli nümayəndələrini və beynəlxalq ictimaiyyəti din, siyasət və diplomatiya arasındakı əlaqələri müzakirə etmək üçün bir araya gətirəcək. Tədbirin məqsədi sosial inkişafın və sülhün möhkəmləndirilməsində dinlərarası dialoqun rolunu vurğulamaqdır.
Həftənin başlanması ilə bağlı BMT-nin yaydığı məlumatda qeyd olunur ki, müasir dünyada ölkələr getdikcə daha çox bir-biri ilə əlaqəli olsa da, bu, insanların və cəmiyyətlərin həqiqətən birlikdə yaşadığı anlamına gəlmir. Bu parçalanma milyonlarla yoxsul insanın, qadınların, gənclərin, miqrantların və imkansız azlıqların üzləşdiyi təcriddə özünü göstərir. Bu gün bəşəriyyət əvvəlkindən daha çox məlumata, texnologiyaya və biliyə malikdir, lakin hələ də münaqişələrin qarşısını almaq, yoxsulluğu aradan qaldırmaq və təhlükəsiz bir dünyada ahəngdar yaşamağı öyrənmək üçün insanları bir araya gətirmək üzrə müdrikliyə malik deyil.
“Biz qəbul etməliyik ki, hazırda hökm sürən qeyri-sabitlik və qloballaşma şəraitində sülh məfhumu yalnız müharibənin olmaması demək deyil. Sülh həm də fərqlərə – cins, irq, dil, din və ya mədəniyyətlər müxtəlifliyinə rəğmən birlikdə yaşamaq, habelə bu birgəyaşayışın əsaslandığı universal ədaləti və insan hüquqlarına hörməti təşviq etmək deməkdir. Buna görə də, sülh adi bir məfhum kimi qəbul edilməməlidir. Bu, davamlı prosesdir, daimi təkmilləşmə, sayıqlıq və hamının fəal iştirakını tələb edən uzunmüddətli bir məqsəddir. Eyni zamanda, bu, hər bir konkret vəziyyətdə edilən bir seçimdir; nə qədər yaxın və ya uzaqda yaşamalarından asılı olmayaraq, başqaları ilə, özgə icmalarla həqiqi dialoq aparmaq üzrə gündəlik qərardır”, -deyə BMT-nin məlumatında vurğulanır.
Qlobal təşkilat hesab edir ki, UNESCO-nun Mədəni Müxtəliflik haqqında Ümumdünya Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, bu gün dialoq, zorakılığı aradan qaldırmaq və mədəniyyətlərin qorunmasını gücləndirən dəyərləri, davranışları və münasibətləri gücləndirmək, onları təşviq etmək daha çox vacibdir. Bəyannamədə deyilir: “Getdikcə müxtəlifləşən cəmiyyətimizdə plüralizmi, müxtəlif və dinamik mədəni kimliklərə malik fərdlər və icmalar arasında ahəngdar qarşılıqlı əlaqəni və birgəyaşayış arzusunu təmin etməliyik. Bütün vətəndaşların bu prosesə daxil olmasını və iştirakını təşviq edən siyasətlər sosial birlik, vətəndaş cəmiyyətinin canlılığı və sülh üçün açardır. Bu mənada plüralizm mədəni müxtəlifliyin reallıqlarına siyasi cavabı təmsil edir. Demokratiya ilə ayrılmaz şəkildə bağlı olan mədəni plüralizm, cəmiyyətin canlılığını qidalandıran mədəni mübadilələr və yaradıcılığın çiçəklənməsi üçün əlverişli mühit yaradır” (Maddə 2. “Mədəni müxtəliflikdən mədəni plüralizmə”).
BMT-nin məlumatında daha sonra vurğulanır: “Müasir cəmiyyət getdikcə artan çətinlik və təhdidlərlə, o cümlədən bərabərsizlik, təcrid, zorakılıq və məzhəbçilik halları ilə üzləşir. Çoxalan qlobal problemlər sosial birliyi sarsıdan yerli gərginlik və münaqişələrlə daha da ağırlaşır. Bu kontekstdə birlikdə yaşamağı öyrənmək xüsusi əhəmiyyət kəsb edir. Təhsil və həyat təcrübəsi insanlara mürəkkəb və müxtəlif cəmiyyətlərdə uğurlu həyat üçün zəruri olan mədəniyyətlərarası bacarıqları əldə etməyə kömək edir. Bu bacarıqlar onlara yalnız müxtəlifliyi qiymətləndirməyə deyil, həm də münaqişələri plüralizm və qarşılıqlı anlaşma dəyərlərinə uyğun olaraq həll etməyə imkan verir”.
Azərbaycan dünya səviyyəsində dinlərarası dialoqun təşviqində mühüm rol oynayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dinlərarası hörmət və etimad, etiqad azadlığının təmin edilməsi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara hörmətlə yanaşılır, bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Hazırda Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir ki, bu da çox böyük göstəricidir. Bununla yanaşı, ölkəmiz dinlər və mədəniyyətlər arasında dialoqun təmin edilməsi üzrə mötəbər beynəlxalq forumlara ev sahibliyi edir, dünyanın müxtəlif dinlərə mənsub olan xadimlərini bir araya gətirir.