“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Dəniz Ramil qızı Rəhimli

“SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” – Dəniz Ramil qızı Rəhimli

“İNFONEWS” təqdim edir:

“Zəfər Sədası” uşaq xor qrupundakı sevimli Şəhid övladlarının istedadlarını geniş ictimaiyyətə çatdırmaq, onların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi ilə “SİZİN SƏDANIZA VƏTƏN SƏSLƏNİR” layihəsinin bu buraxılışının qonağı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı qəhrəmancasına həlak olan gizir Ramil Sücəddin oğlu Rəhimovun əziz övladı Dənizdir.

Tanış olaq: Dəniz Ramil qızı Rəhimli 

Onun 6 yaşı var, bu ilin sentyabrında 1-ci sinfə gedəcəkdir.

Atamla bağlı xatirələrim dörd yaşıma qədər olub. Hər gün anamdan soruşuram: “Atam haradadır?” Anam isə gülümsəyərək mənə uzaqlardakı ən gözəl yerdə olduğunu söyləyir. Deyir ki, atam Cənnətdədir… Orada çox vacib işləri var, həm də ora elə bir yerdədir ki, onu işindən ayırıb bizə göndərmirlər. Amma mən bilirəm ki, o bizi hər an görür, hər hərəkətimizi izləyir.

Atamın işdən gəlişini, mənimlə qaçdı-tutdu oynamağını, əlimdən tutub mağazaya aparmağını dumanlı da olsa xatırlayıram. Anam deyir ki, uşaq olanda o evə gəlməmiş heç vaxt yatmazmışam. Hətta yuxuda belə onu səsləyirmişəm ki, bəlkə səsini eşidim, bəlkə cavab versin…

İndi mən beş yaşındayam. İstər məktəbəqədər hazırlıqda, istərsə də qatıldığım tədbirlərdə hamı mənə başqa bir sevgi ilə yanaşır. Müəllimlərim, dostlarım mənə xüsusi dəyər verirlər. Mən çox yaxşı bilirəm ki, bu sevginin, bu hörmətin tək bir səbəbi var: Atamın qəhrəmanlığı.

Mən atamla fəxr edirəm. İnşallah, gələcəkdə mən də elə bir insan olacağam ki, atam mənə Cənnətdən baxıb: “Bu, mənim qızımdır, mənim Dənizimdir!” deyərək qürurlanacaq.

Şəhid Ramil Sücəddin oğlu Rəhimovun ruhu şad olsun!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir