“GÜNƏBAXANLAR” təqdim edir: Aysel Qaragözova – DAVRANIŞ İQTİSADİYYATI

“GÜNƏBAXANLAR” təqdim edir: Aysel Qaragözova – DAVRANIŞ İQTİSADİYYATI

“İNFONEWS” -un “GÜNƏBAXANLAR” yay forumunda İQTİSADİYYAT

İnanmaq istədiyimiz dezinformasiyalar:  Koqnitiv qərəzlərdən davranış iqtisadiyyatına

Bəzən bir məlumatın doğru olmadığını bilirik. Hətta etibarlı mənbə onun yanlış olduğunu göstərir. Amma qəribədir ki, beynimiz həmin məlumatı dərhal silmir. Bəzi hallarda isə, məlumatın yalnış olduğunu bilə-bilə başqalarına ötürürük. Bunun bir sıra psixoloji səbəbləri vardır.

Məsələn, fillərin təyyarə ilə cücələrlə birlikdə daşındığı haqqında bir hekayə oxuyanda məndə maraqlı bir hiss yaranmışdı: bu, sadəcə informasiya deyildi, emosional olaraq gözəl bir hekayə idi. Onun içində qayğı, həssaslıq və mərhəmət vardı. Sonradan məlumatın bu formada doğru olmadığı məlum olsa da, beynim bir müddət onu qəbul etmək istəmədi. Bu, mənə maraqlı bir sual yaratdı:

Biz həqiqətə inanırıq, yoxsa bəzən sadəcə hiss etdiyimiz şeyə?

Kahnemanın “Cəld  və Yavaş Düşünmə” ( Kahneman D. Thinking Fast and Slow, 2021) ) yanaşması bu paradoksu anlamaq üçün mühüm nəzəri baza yaradır: insan qarşısına çıxan hər məlumatı analitik şəkildə yoxlamır. Çox vaxt ilk təəssürat, tanışlıq, emosional təsir və məlumatın asanlıqla mənalandırılması qərar prosesinə istiqamət verir. Dezinformasiya məhz bu psixoloji xüsusiyyətlərdən faydalana bilər. Davranış iqtisadiyyatı və koqnitiv psixologiya göstərir ki, insan qərarları yalnız məntiq və faktlarla formalaşmır. Emosiyalar, tanışlıq hissi, təkrar, koqnitiv qərəzlər və hekayənin bizdə yaratdığı məna da düşüncələrimizə təsir edir. Bəlkə də dezinformasiyanın ən təhlükəli tərəfi onun sadəcə yanlış olması deyil. Ən təhlükəli tərəfi odur ki, bəzən doğru olmasını istəyəcəyimiz qədər gözəl olur.

Koqnitiv psixologiyanın confirmation bias, illusory truth effect, motivated reasoningaffect heuristic kimi anlayışları ilə davranış iqtisadiyyatının bounded rationality, heuristikalar və məhdud diqqət yanaşmalarını bir araya gətirdikdə daha maraqlı mənzərə yaranır: insan hər zaman ən doğru məlumatı seçmir. Bəzən onun üçün ən tanış, ən emosional və ən mənalı olan məlumatı seçir.

Dezinformasiyanın gücü onun yalan olmasında deyil. Onun həqiqət kimi hiss etdirilməsindədir.

Aysel Qaragözova 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera Planlaşdırılması və İnkişafı kafedrası müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir