“GÜNƏBAXANLAR” təqdim edir: “QANADI BAĞLI MƏLƏKLƏRİN QORXULU NAĞILI”

“GÜNƏBAXANLAR” təqdim edir: “QANADI BAĞLI MƏLƏKLƏRİN QORXULU NAĞILI” 

“İNFONEWS”-un “GÜNƏBAXANLAR” yay forumunda İNCƏSƏNƏT

QANADI BAĞLI MƏLƏKLƏRİN QORXULU NAĞILI

Məsumiyyətin süqutu: Axundovun “Qorxulu Nağıllar”ından Litvinovanın “qanadları bağlı mələkləri”nə

Rəssam Yuliya Litvinovanın yardıcılığı ilə yaxından tanış olduqda, mənə görkəmli yazıçı, dramaturq, pedaqoq, jurnalist Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ını oxuduğum zaman keçirdiyim ürək ağrılarımı xatırlatdı.

Xüsusilə də, Y.Litvinovanın “Qanadları bağlı cənnətdən qovulmuş mələklər” (“Падшие ангелы со связанными крыльями”) rəsm əsəri dünyaya çəhrayı eynəklərlə baxan bir çox insan üçün həyatın qara və xoşagəlməz tərəfinin olması reallığını ortaya qoyur.

Rəssam əsərlərində cəmiyyətin bir sıra sosial problemlərinə fırçası ilə kəskin toxunaraq problemləri kifayət qədər sərt şəkildə işıqlandırmağa çalışır. O, müasir dünyanın qaranlıq məişətini təsvir edir.

Qeyri-sağlam ailələrdən olan uşaqlar çirkab və rəzalət içində böyüyürlər. Onların doğulduqları andan qanadları bağlıdır, bu qəddar dövrandan qurtulmaq imkanları yoxdur, deməli, gələcəkləri də yoxdur. “Mane olmasınlar” deyə kiçik yaşlarından döyülənləri, radiatorlara zəncirlənələri, böyüdükdə isə əksər hallarda “həyatın dibinin” gözləməsini xatırladır, narkomaniya, fahişəlik və cəmiyyətin digər yaralarının vüsətini xəbərdarlıq edir.

Yuliya Litvinovanın tabloları ilə Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı arasında çox dərin və məntiqi bir paralellik duyulur. Hər iki yaradıcılıq nümunəsi tamamilə fərqli dövrlərə (XX əsrin əvvəli və XXI əsr) və fərqli incəsənət sahələrinə aid olsa da, toxunduqları nüvə mövzu eynidir.

Mütəfəkkirin “Qaraca qız”, “Nurəddin”, “Əhməd və Məleykə” kimi hekayələrindəki kimsəsiz və əzab çəkən uşaqlar, Litvinovanın radiatora zəncirlənmiş, qanadları qalın iplərlə bağlanmış uşaq obrazları ilə eyni taleyi bölüşürlər. Hər iki sənətkar cəmiyyətin ən müdafiəsiz təbəqəsi olan uşaqların ağrılarını mərkəzə qoyur.

Axundovun hekayələri də, Litvinovanın rəsmləri də mistik qulyabanılardan və ya kabuslardan ibarət deyil. Onları qorxulu edən həqiqətin özüdür. İnsanların real həyatda baş verən bu vəhşiliklərlə üzləşməsi qorxu yaradır.

S.S.Axundov XX əsrin əvvəllərindəki Azərbaycan kəndlərində, bəylərin və varlıların zülmü altında əzilən, ögey valideyn əlindən əziyyət çəkən uşaqları təsvir edirdi. Litvinova isə XXI əsrin böyük şəhərlərindəki qaranlıq mənzilləri, müasir sosial yaraları (narkomaniya, müasir məişət şiddəti) vizuallaşdırır.

Axundov hekayələrini realist boyalarla yazırdı. Litvinova isə realizmi “dark fantasy” (qaranlıq fantastika) elementləri ilə birləşdirir — uşaqları birbaşa “qanadları bağlı mələklər” kimi təsvir edərək vizual metaforadan istifadə edir.

Əminliklə deyə bilərəm ki, əgər Süleyman Sani Axundov bu gün yaşasaydı və XXI əsrin sosial problemlərini qələmə alsaydı, onun yazdıqlarının vizual təsvirini məhz Yuliya Litvinovanın rəsmlərində görmək olardı.

Arzu MƏMMƏDQIZI (Məmmədova)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir