“GÜNƏBAXANLAR” təqdim edir: MENDELEYEV – KİMYAÇI yoxsa İQTİSADÇI
“İNFONEWS” – un “GÜNƏBAXANLAR” yay forumunda İQTİSADİYYAT
MENDELEYEV – KİMYAÇI yoxsa İQTİSADÇI
Mendeleyev deyəndə nə düşünürük? Dövri cədvəl, kimyəvi elementlər və məktəbdə divardan asılan o məşhur tablo…
Amma Mendeleyevin bir “elementi” dərsliklərdə, demək olar ki, görünmür: iqtisadiyyat.
Hətta ona aid edilən məşhur ifadə ilk dəfə eşidən adamı təəccübləndirir: “Məndən nə kimyaçı, mən siyasi iqtisadçıyam!”
Bu, sadəcə zarafat deyildi. Mendeleyev sənaye, investisiya, gömrük tarifləri, əmək, neft, nəqliyyat və kənd təsərrüfatı haqqında yazırdı. “Rusiyada zavod işinin şərtləri haqqında”, “Sənaye haqqında təlim”, “Proteksionizmin əsaslandırılması” kimi iqtisadi əsərlərin müəllifi idi.
Maraqlısı budur ki, kimyada elementlər arasında qanunauyğunluq axtaran Mendeleyev iqtisadiyyatda da nisbət və proporsiya axtarırdı.
1902-ci ildə hazırladığı “Rusiya kənd təsərrüfatının ehtiyacları haqqında” qeydlərində iqtisadiyyatın iki əsas sektorunun — sənaye və kənd təsərrüfatının proporsional inkişafını xüsusi problem kimi ortaya qoyurdu. Onun yanaşmasında sənaye kənd təsərrüfatından qoparaq inkişaf etməməli, sənayenin dinamikası şəhərlə kənd arasındakı əmtəə dövriyyəsi ilə əlaqəli olmalı idi.
Başqa sözlə, Mendeleyev iqtisadiyyata ayrı-ayrı sahələrin yarışı kimi deyil, bir-birini tamamlayan elementlər sistemi kimi baxırdı. Bir sektor həddindən artıq irəli gedib digəri geridə qalırsa, bütöv iqtisadi sistemin proporsiyası pozulur.
İnvestisiya məsələsində də eyni məntiq görünür. Mendeleyev Rusiyanın ABŞ ilə rəqabət edə bilməsi üçün iqtisadiyyata yatırılan investisiyaların iki dəfə artırılaraq 700 milyon rubla çatdırılmasını təklif edirdi. Amma əsas məsələ yalnız investisiyanın həcmi deyildi. Kapital neft emalı, maşınqayırma, cihazqayırma və dəzgahqayırma kimi inkişaf üçün vacib sahələrə istiqamətləndirilməli idi.
Gömrük tarifinə də sadəcə büdcəni dolduran vergi kimi baxmırdı. Tarif onun üçün hansı istehsal sahələrinin inkişaf etdiriləcəyini müəyyənləşdirən iqtisadi siyasət aləti idi.
Neft haqqında ona aid edilən bir ifadə isə bu iqtisadi düşüncəni çox gözəl tamamlayır: “Təkcə neftlə deyil, kağız pullarla da soba yandırmaq olar”. Yəni sərvətə sahib olmaq hələ zəngin olmaq deyil. Əgər onu səmərəli istifadə etmirsənsə, emal və əlavə dəyər yaratmırsansa, əslində sərvəti deyil, pulu yandırırsan.
Bəlkə də Mendeleyevin kimyaçı və iqtisadçı kimliklərinin kəsişdiyi nöqtə elə buradır. Kimyada o, elementlərin düzgün yerləşməsini və nisbətini axtarırdı. İqtisadiyyatda isə sənayenin, kənd təsərrüfatının, investisiyanın, infrastrukturun və dövlət siyasətinin düzgün proporsiyasını. Biz Mendeleyevi elementlərin dövri cədvəlini yaratdığı üçün tanıyırıq. Amma görünür, o, iqtisadiyyat üçün də öz “dövri cədvəlini” axtarırmış.
Aslan ƏZİMZADƏ
iqtisadçı-ekspert, Çin İqtisadçılar Cəmiyyətinin (Chinese Economists Society) və Kral İqtisadiyyat Cəmiyyətinin (Royal Economic Society) üzvü