“Musiqi bizi birləşdirir, sənət isə xalqlar arasında görünməz körpülər yaradır”
“Musiqi bizi birləşdirir, sənət isə xalqlar arasında görünməz körpülər yaradır”.
“İNFONEWS” xəbər verir ki, bu sözlər azərbaycanlı pianoçu, Oman Dövlət Orkestrinin pianisti ve eyniadlı orkestrin nəzdindəki Musiqi kollecinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusifə (Əmirbəyova) aiddir.
Soydaşımız bildirib ki, sentyabrın 5-də Oman Sultanlığının Maskat şəhərində peşəkar sənətçi, “Dolce” incəsənət məktəbinin müdiri pianoçu Jokha Al Naabin iştirakı ilə birgə konserti baş tutub.
“Oman musiqi tarixində xüsusi yeri olan, ilk peşəkar qadın pianoçu və uzun illər Royal Filarmonik Orkestrin pianisti, hal-hazırda “Dolce” incəsənət məktəbinin müdiri Jokha Al Naabi ilə eyni səhnəni bölüşmək mənim üçün böyük şərəf idi. Onun musiqi təhsilini davam etdirmək üçün İngiltərəyə göndərilməsi və sonradan Omanın musiqi həyatına verdiyi töhfələr böyük bir sənət yolunun göstəricisidir” – deyə, Vüsalə Yusif qeyd edib.
“Bu gözəl konsertdə biz birlikdə piano dueti ifa etdik. Eyni zamanda tələbələrimiz, müxtəlif dövlət musiqi kollektivlərinin və orkestrinin musiqiçiləri də səhnədə yer aldılar. Mənim üçün bu gecənin ən xüsusi məqamlarından biri isə Oman səhnəsində azərbaycanlı musiqiçi kimi çıxış etməyim idi. Azərbaycanı, onun zəngin musiqi mədəniyyətini və piano məktəbini Oman səhnəsində təmsil etmək mənim üçün hər zaman böyük qürurdur. Belə gözəl layihədə iştirak edən bütün həmkarlarıma, tələbələrimə və musiqiçilərə təşəkkürümü bildirirəm” – deyə, Vüsalə xanım əlavə edib.
Qeyd edək ki, konsert Omanın dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, o cümlədən, Təhsil və Mədəniyyət nazirliklirinin resmi qonaqları da iştirak ilə baş tutub.

