“GÜNƏBAXANLAR” təqdim edir: SİYASƏTİN YENİ VƏ GİZLİ ALQORİTMİ

“GÜNƏBAXANLAR” təqdim edir: SİYASƏTİN YENİ VƏ GİZLİ ALQORİTMİ

“İNFONEWS”– un “GÜNƏBAXANLAR” yay forumunda SİYASƏT

SİYASƏTİN YENİ VƏ GİZLİ ALQORİTMİ – Like-dan Səsə

Bir vaxtlar siyasətçi seçiciyə televiziyadan müraciət edirdi. Bu gün isə seçici siyasətçini TikTok, Instagram və YouTube-da görür və izləyir. Siyasətin yeni meydanı parlament, meydan və televiziya studiyası ilə məhdudlaşmır. Əsas siyasi arena artıq insanın smartfon ekranıdır. Ən maraqlısı isə, seçicilərin bəzən siyasi qərarını proqram oxumadan, 20 saniyəlik videoya baxaraq formalaşdırmasıdır. Bu zaman siyasətin yeni qaydası ortaya çıxır, ən yaxşı arqument yox, ən çox diqqət çəkən məzmun qalib gəlir.

 

Alqoritm sizin siyasi dünyanızı seçə bilər

Sosial şəbəkə sizə bütün siyasi reallığı göstərmir. Daha çox baxdığınız, paylaşdığınız və reaksiya verdiyiniz məzmunun oxşarlarını qarşınıza çıxarır. Beləliklə, insan getdikcə yalnız öz fikrinə yaxın fikirləri görməyə başlayır və “hamı belə düşünür” qənaətinə gəlir. Halbuki, o, cəmiyyətin hamısını yox, alqoritmin onun üçün seçdiyi dünyanı görür.

Bu, siyasətdə çox təhlükəli bir nəticə yaradır. Cəmiyyət eyni ölkədə yaşasa da, fərqli informasiya dünyalarında yaşamağa başlayır.

 

Mem də siyasətdir

Əvvəllər siyasi karikatura qəzetin son səhifəsində olurdu. Bu gün onun yerini siyasi memlər, qısa videolar və satirik paylaşımlar tutub. Bir siyasətçinin aylarla yaratdığı imici bəzən 10 saniyəlik video dağıda bilər. Çünki sosial şəbəkədə emosional məzmun daha sürətlə yayılır. Qəzəb, istehza, qorxu və təəccüb insanı paylaşmağa vadar edir.

Ona görə də müasir siyasi kampaniyanın əsas sualı artıq yalnız “nə deyək?” deyil, “İnsanlar bunu paylaşmaq istəyəcəkmi?”dir.

 

“Z” nəsli siyasəti dəyişir

Gənc nəslin siyasətə münasibəti getdikcə dəyişir. Onlar siyasi lideri yalnız tribunada görmək istəmirlər. Onu gündəlik həyatın içində, sosial şəbəkədə, qısa və anlaşılan formada izləməyə can atırlar. Və bu, siyasəti daha əlçatan edir. Amma təhlükəsi də var, mürəkkəb problemlər həddindən artıq sadələşdirilir.

Dövlət büdcəsi bir videoya, xarici siyasət strategiyası bir memə, iqtisadi böhran isə bir həştəqə çevrilə bilir.

Siyasət sürət qazanır, amma dərinliyini itirmək riski ilə üzləşir. Çünki artıq süni intellekt meydana gəlib ki, bu da bizi qarşıda daha böyük dəyişikliklərin gözləməsini vəd edir.

Süni intellekt reala bənzəyən siyasi video, səs və görüntü yaratmağı asanlaşdırır. Sabah rastımıza çıxan bir videonun həqiqi, yoxsa süni şəkildə hazırlanmış olduğunu ayırmağın daha çətin olamasını gündəmə gətirir ki,bu isə siyasətdə yeni bir dövrünü yaradır.

Artıq insanlar informasiyanın azlığı-çoxluğu ilə deyil, məlumatın doğruluğu, həqiqəti əks etdirməsi problem ilə üzləşəcəklər.

 

Bəs gələcəyin siyasətçisi kim olacaq?

Məncə, gələcəyin ən güclü siyasətçisi ən çox danışan deyil, ən düzgün platformada, ən doğru zamanda və ən uyğun dildə danışan siyasətçi olacaqdır.

Çünki artıq müasir seçki kampaniyası seçki məntəqəsindən başlamır. O, insanın telefonundan başlayır. Əvvəlcə, siyasətçi sizin diqqətinizi qazanır, sonra marağınızı, sonra etibarınızı və yalnız bundan sonra səsinizi.

Bəlkə də XXI əsrin ən vacib siyasi sualı buna görə “Seçici kimə səs verəcək?” deyil, “Seçici səs verməzdən əvvəl nə görəcək?”dir. Çünki siyasətin gələcəyində ən böyük güc yalnız danışmaqda deyil, insanların nə görəcəyini müəyyən etməkdədir.

 

Elman TELMANOĞLU (Cəfərov)

politoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir