Azərbaycanlı döyüşçü diskvalifikasiya oldu!

Azərbaycanlı döyüşçü diskvalifikasiya oldu!

Azərbaycanlı  MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC TUF 34 final qarşılaşmasında qırğızıstanlı rəqibi İlimbek Akılbekə qarşı diskvalifikasiya ilə məğlub oldu.

“İNFONEWS” xəbər verir ki,Las-Veqasda keçirilən UFC Vegas 121 turnirinin əsas kartında baş tutan qarşılaşma gözlənildiyindən daha qısa çəkib. Döyüşün əvvəlində hər iki idmançı məsafəni qorumağa çalışıb. Təxminən bir dəqiqə sonra Akılbek ayaqdan tutaraq rəqibini yerə keçirməyə cəhd edib, lakin Osmanlı yenidən ayağa qalxmağı bacarıb.

İkinci dəqiqənin tamamına yaxın Osmanlı rəqibinə zərbə endirərək onu yerə salıb. Bundan sonra azərbaycanlı döyüşçü Akılbekə doğru irəliləyərək diz zərbəsi vurub. Lakin həmin anda Akılbek yerə toxunduğu üçün zərbə qaydalara zidd hesab olunub.

Hakim Kerri Hatli qarşılaşmanı dayandırıb və Məhəmmədəli Osmanlının diskvalifikasiya edilməsi barədə qərar verib. Beləliklə, TUF 34-ün bantamweight finalının qalibi İlimbek Akılbek elan olunub. Bu, “The Ultimate Fighter” tarixində finalın diskvalifikasiya ilə nəticələndiyi ilk hal kimi qeydə alınıb.

Osmanlının TUF 34 yolu

22 yaşlı Məhəmmədəli Osmanlı TUF 34-də finala qədər uğurlu çıxış edib. O, əvvəlcə 1/4 final mərhələsində Artyom Belaxı rear-naked choke ilə birinci raundda məğlub edib. Yarımfinalda isə Kristian Stronq üzərində ikinci raundda buggy choke ilə qələbə qazanaraq finala yüksəlib. Osmanlı bu qələbə ilə TUF tarixində buggy choke ilə qalib gələn ilk döyüşçü olub.

Osmanlının finaldakı rəqibi İlimbek Akılbek isə turnirdə Şon Mora və Xavier Franklin üzərində hakimlərin qərarı ilə qələbə qazanaraq finala yüksəlmişdi.

UFC karyerası necə davam edəcək?

TUF 34 finalı Osmanlının UFC-dəki debütü idi. Qarşılaşmanın diskvalifikasiya ilə başa çatması onun UFC karyerasının başlanğıcını gözlənilməz nəticə ilə yadda saxladı.

Osmanlının TUF 34-də göstərdiyi performans və finala qədər əldə etdiyi iki finiş onun gələcək UFC karyerası baxımından diqqət çəkən məqam olaraq qalır. Finaldakı diskvalifikasiya isə onun UFC-dəki ilk döyüşünün rəsmi nəticəsi kimi qeydə alınıb.

Müəllif: Həsən Müslümov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir