1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələrinin və keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının Xocalı şəhərində törətdiyi qətliam Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə, insanlığa qarşı bir cinayətdir.
Bu sözləri Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov “İNFONEWS”– a müsahibəsində bildirib.
Müstəqil milli dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycanda vəziyyətin 1988-ci ildən başlanan erməni təcavüzü nəticəsində xeyli pisləşdiyini vurğulayan E.Hüseynov, yaranmış gərgin şəraitdə dövlətin rəhbər şəxslərinin acizlik nümayiş etdirdiyini diqqətə çatdırıb.
1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda yenidən hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində mühüm işlərin görüldüyünü söyləyən idarə rəisi, 1994-cü ildə atəşkəsə nail olunduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldığını bildirib: “Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı, onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməli addımlar atılmalı idi. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımının dünyada tanınması istiqamətində mühüm addımlar atdı. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzaladı. Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olundu və bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. 1995-ci il fevralın 24-də Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul etdi. Həmçinin 1997-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” iki xüsusi Fərman imzalandı”.
Elçin Hüseynov daha sonra deyib: “Xalq arasında belə bir ifadə var: tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar. Xocalı soyqırımından 29 il keçməsinə baxmayaraq, xalqımız hər il faciə qurbanlarını yad edir, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımı ilə bağlı ölkəmizdə və onun hüdudlarından kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir.
Azərbaycanda Xocalı faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illər Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında mühüm işlər həyata keçirilib”.