Səfər Mehdiyev DGK-ya şəxsi obyekti kimi baxır
Son aylar cəmiyyətdə Dövlət Gömrük Komitəsindən narazılıqlar bitib tükənmək bilmir…
“İNFONEWS” xəbər verir ki, artıq bir neçə aydır ki, Dövlət Gömrük Komitəsi və qurumun rəhbəri Səfər Mehdiyev haqqında mediada ilginc faktlar yayımlanır.
“İNFONEWS” olaraq vəziyyəti təhlil etməyə çalışdıq. Narazılığa səbəb nədir?
Qurumdan ilk ciddi narazılıq ölkəyə xaricdən daşıyıcı şirkətlər vasitəsilə gətirilən mallara görə tətbiq edilən gömrük limitinin 1000 ABŞ dollarından 300 ABŞ dollarına, şəxsin özünün gətirdiyi mallara görə isə 1500 ABŞ dollarından 800 ABŞ dollarına endirilməsi ilə başladı. Qurum rəhbərliyi tərəfindən məsələ ilə bağlı əsaslı bir açıqlamanın verilməməsi isə əhalini dahada qıcıqlandırdı. Belə olan halda cəmiyyət özü özlüyündə səbəblər axtarmağa çalışdı. Həmin səbəblərdən ən ağıla batanı isə Səfər Mehdiyevin monopolist şirkətlərlə ortaqlığı çərçivəsində əhalini həmin şirkətlərin daha bahalı mallarını almağa təşviq etməsidir.
Əhalini narazı salan növbəti məqam isə gömrük rüsumlarının qanunsuz olaraq şişirdilməsidir. “İNFONEWS”a daxil olan məlumatlara görə Gömrük Komitəsi tərəfindən ölkəyə gətirilmiş məhsullara qanunla tətbiq edilmiş rüsumlar qanunsuz olaraq komitə əməkdaşları tərəfindən şişirdilərək alınır. Məsələn əgər siz ölkəyə invoys dəyəri 5000 ABŞ dolları olan 1700 sm3 işçi həcmli mühərrikli avtomobil gətirirsinizsə qanunla sizdən 6365.64 AZN gömrük rüsumu alınmalıdır. Amma bu qiymət gömrük əməkdaşları tərəfindən şişirdilərək 7000-7500 AZN, əgər bir qədər çəkinsələr və ya hörmət etsələr isə 6500-7000 AZN dəyərində tələb olunur. Qısaca belə izah edək, ya məhsulun invoys dəyəri yox, ölkəmizdəki bazar qiyməti nəzərə alınır, yada invoys dəyəri 1.91 əmsalına bölünür və üzərinə invoys dəyəri gəlinməklə gömrük rüsümu alınır. Komitəki mənbənin verdiyi məlumata görə bu qaydalar AR Qanunvericiliyinə zidd olsa belə rəsmi şəkildə Bank vasitəsilə komitənin hesabına köçürülür. Ondan sonra bu məbləğlərin yalnız bir qismi dövlət büdcəsinə keçirilir. Yəqin bu kimi hallara görədir ki, yoxlamalar zamanı komitənin 500-700 milyona qədər kəsri müəyyən edilib. Bu da S.Mehdiyevin DGK-nı öz şəxsi biznes obyekti kimi görməsindən irəli gəlir.
Gəlin digər bir məqama nəzər salaq. Komitə tərəfindən daşıyıcı şirkətlər vasitəsilə ölkəyə gətirilmiş mallar qanunsuz şəkildə günlərlə yoxlama adı ilə saxlanılaraq şirkətlərdən əlavə rüsum alınır. Bu da həm daşıyıcı şirkətlər üçün çətinlik yaradır, həmdə vətəndaşlara həmin məhsulların gec çatmasına səbəb olur. Yəqinki bu kimi çətinliklər komitənin büdcə kəsrini bağlamaq məqsədi daşıyır.
Hələ biz cənab Mehdiyevin komitədə öz qohum-tanışlarını vəzifəyə gətirməsi barədə danışmırıq…
Əminik ki, ən qısa zamanda aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi ölçü tədbirləri görəcəklər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.