Bakı Dövlət Sirkində tanınmış sirk ustaları ilə görüş olub

Bakı Dövlət Sirkində tanınmış sirk ustaları ilə görüş olub

“İNFONEWS” xəbər verir.

Bakı Dövlət Sirkində Ümumdünya Sirk Günü ilə bağlı görüş keçirilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan sirk sənətinin tanınmış ustaları və Bakı Dövlət Sirki orkestrinin üzvləri iştirak ediblər.

Görüşdə ölkəmizdə sirk tarixi, əldə edilmiş nailiyyətlər və Azərbaycan sirkinin müasir çağırışlara uyğun yenidən təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakı Dövlət Sirkinin direktoru Elmir Hüseynov Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə sirk sənətinin inkişafı istiqamətində geniş tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, məqsəd milli ənənələrlə müasirliyin sintezi əsasında müasir sirkin təşkilidir.

Qeyd edək ki, hər il aprelin 3-cü şənbə günü dünyada Ümumdünya Sirk Günü kimi qeyd edilir. Əlamətdar gün 2009-cu ildə Avropa Sirk Assosiasiyası və Dünya Sirk Federasiyasının təşəbbüsü ilə təsis edilib. Bir çox ölkədə qeyd olunun bu günün məqsədi dünya mədəniyyətində sirk sənətinin yerini, bu sənətin mədəni irsə töhfələrini diqqətə çatdırmaqdır. Müasir dünyada sirk sənəti ölkələrin milli mədəniyyətinin mühüm bir hissəsini təşkil edir.

Bir sıra ölkələrin sirkləri isə konkret ölkə sərhədlərini aşaraq, dünya mədəniyyəti nümunəsi səviyyəsinə çatıb. Bu ölkələrdə sirk sənəti özünəməxsus, milli çalarlara malik olsa da, klassik sirk ənənələrini də saxlayıb.

Azərbaycanda da sirk sənətinin zəngin tarixi var. Ölkəmizdə bu sənətin ənənələri hələ qədim meydan tamaşalarında təşəkkül tapsa da, peşəkar sirk sənəti milli mədəniyyət nümunəsi olaraq 80 ilə yaxın tarixə malikdir. 1945-ci ildə Bakıda ilk sirk kollektivi yaradılıb, 1946-cı ildə ilk milli sirk tamaşaları nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir